Seçici siyahısında 818 nəfər var və indiyə qədər 42 nəfər səsvermə hüququndan istifadə edib.
Bunu "Report"a açıqlamasında 7 saylı Səbail seçki dairəsinin 4 saylı seçki məntəqəsinin sədri Məmməd Bəşirov növbədənkənar parlament seçkiləri ilə bağlı deyib.
Onun sözlərinə görə, səs verənlər arasında 18 yaşına yeni çatmış və ilk dəfə səsvermədə iştirak edən 4 nəfər var.
Məntəqə sədri bildirib ki, səsvermə prosesində heç bir qayda pozuntusu qeydə alınmayıb:
"Yerli müşahidəçilərlə yanaşı, məntəqəyə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan və MDB-dən müşahidəçilər də gəliblər".
Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.
Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.
Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.