Avropa Parlamentinin qarayaxma kampaniyası Azərbaycanı siyasi iradəsindən döndərə bilməyəcək
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
Onun sözlərinə görə, son 35 ildə Avropa Parlamentinin böhtan və qərəzinin miqyası daha da artıb: "Avropa Parlamentinin “Azərbaycanda insan hüquqlarının pozulması və Ermənistana münasibətdə beynəlxalq hüququn vəziyyəti” haqqında qəbul etdiyi qətnamə böhtan və əsassız ittihamlardan ibarətdir. Qurum yenə qərəz və riyakarlığından əl çəkmir. Rəsmi Bakı isə səslənən uydurma ittihamların heç birini qəbul etmir. Avropa İttifaqının institutları anlamalıdır ki, Azərbaycanla hədə, şantaj dilində danışmaq olmaz. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, son illər multilateralizmin can verdiyi bir şəraitdə Azərbaycan çoxtərəfli diplomatiyanın vacibliyini və zəruriliyini uzunmüddətli müstəqillik tarixi olan dövlətlərə nümayiş etdirə bilib".
Deputat Avropa Parlamenti üzvlərinin qətnamədə qabartdıqları məsələlərdə söz və fikir azadlığını pozduğunu bildirib:
"Onlar bununla həm də 300 minə yaxın Qərbi azərbaycanlıların öz tarixi və dədə-baba yurdlarına qayıdışını əngəlləməyə səy göstərirlər. Avropa Paramenti hələ SSRİ dövründə Azərbaycana qarşı torpaq iddiaları baş qaldıran vaxt – 1988-ci ilin sentyabrında keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə verilməsinə çağırış edən qətnamə qəbul etmişdi. “Sovet Ermənistanındakı vəziyyət adlı” sənəddə Ermənistan SSR-də keçirilən kütləvi nümayişlərdə səslənən tələbləri nəzərə alaraq, ovaxtkı Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsinə çağırış yer almışdı və bildirilmişdi ki, “Avropa Parlamenti erməni azlığının Ermənistan Sosialist Respublikası ilə birləşmə tələbini dəstəkləyir. Sənəddə AP həmçinin Sovet hakimiyyətini Azərbaycandakı “500 000” erməninin təhlükəsizliyini təmin etməyə, “Sovet Azərbaycanında ermənilərə qarşı qırğınlarda iştirak edənləri sovet qanunlarına uyğun olaraq cəzalandırmağa” çağırırdı".
N.Məmmədova azərbaycanlılara qarşı qanunsuz silahlı quldur dəstələrinin törətdiyi cinayətlərin gözardı edildiyini söyləyib: "Məsələ burasındadır ki, sözügedən qətnamə qəbul olunanda Ermənistan SSR-dən artıq azərbaycanlı əhalinin deportasiyası, qətllər, mülklərinin əlindən alınması və s. baş vermişdi. Amma o zaman da bugünkü kimi azərbaycanlıların üzləşdikləri vəhşiliklərə ümumiyyətlə toxunulmayıb. Görünən budur ki, 35 il ərzində AP-nin xisləti dəyişməyib. Təəssüf ki, Azərbaycanla bağlı böhtan və qərəzinin miqyası daha da artıb".
O, bu cür qərəzli, ədalətsiz və beynəlxalq hüququ nəzərə almadan aparılan qarayaxma kampaniyasının Azərbaycanı siyasi iradəsindən döndərə bilməyəcəyini vurğulayıb: "Avropa İttiqafının müxtəlif institutları vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyasının davam etdirilməsi, qərəzli addımlar Ermənistanda revanşizmi təşviq edərək, regionda sülh səylərinə xələl gətirir. Xarici İşlər Nazirliyinə çağırılan Avropa İttifaqının Azərbaycandakı səfirindən də Aİ tərəfindən ölkəmizin suverenliyi və ərazi bütövlüyünü pozan, daxili işlərinə müdaxilə edən, regionda sülh və sabitliyə xələl gətirən qərəzli addımlardan çəkinilməsi tələb olunub".
Deputat Ermənistan, erməni lobbisi və islamofobların apardıqları qatı anti-Azərbaycan kampaniyası ilə Azərbaycanı yolundan döndərə bilməyəcəyini və bu cür qətnamələrin heç bir əhəmiyyət kəsb etmədiyini deyib: "Dövlət başçısı İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, belə qərəzli sənədlərin Azərbaycan üçün dəyəri bir kağız parçasından artıq deyil".