İlham Əliyev Suqovuşanda orta məktəbdə yaradılan şəraitlə tanış olub - YENİLƏNİB

İlham Əliyev Suqovuşanda orta məktəbdə yaradılan şəraitlə tanış olub - YENİLƏNİB Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan qəsəbəsində orta məktəb binasında yaradılan şəraitlə tanış olub, yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.
Qarabağ
18 Mart , 2023 19:08
İlham Əliyev Suqovuşanda orta məktəbdə yaradılan şəraitlə tanış olub - YENİLƏNİB

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbə tam orta məktəbində yaradılan şəraitlə tanış olublar.

"Report" xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.

Qeyd edək ki, 2022-ci il martın 20-də dövlətimizin başçısı və birinci xanım Suqovuşana səfərləri çərçivəsində qəsəbədəki yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında olmuş, təhsil müəssisəsindəki vəziyyətlə maraqlanmışdılar. Prezident İlham Əliyev məktəb binasının əsaslı təmirinə başlanılması və işlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıqlar vermişdi.

Diqqətə çatdırıldı ki, ərazisi bir hektar olan məktəbdə 12 sinif otağı var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin informatika kabineti, kitabxana, iki laboratoriya, 72 nəfərlik akt zalı və yeməkxana var. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol və açıq oyun meydançaları yaradılıb.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. İşğaldan azad edilən ərazilərdə dağıdılan təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm işlər görülür. Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb. Tədbirlər Planına əsasən, Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.

Sənəddə qeyd edilib ki, Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur.

12:19

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan qəsəbəsində orta məktəb binasında yaradılan şəraitlə tanış olublar.

"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər.

Son xəbərlər

Orphus sistemi