İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd olunub

Daxili siyasət
  • 19 dekabr, 2025
  • 18:28
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd olunub

İçərişəhərin Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi münasibətilə yubiley tədbiri təşkil olunub.

Bu barədə "Report"a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud tədbirdə çıxış edərək dekabrın 2-də bu unikal irs nümunəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 ilinin tamam olduğunu bildirib.

"UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmək hər bir ölkəyə göstərilən nadir və yüksək etimad nümunəsidir, çünki bu siyahıya müstəsna ümumbəşəri dəyərə malik mədəni irs obyektləri salınır. İçərişəhər insan yaradıcılığının dahiliyinin görkəmli nümunəsi və müxtəlif tarixi dövrləri, mədəni təsirləri özündə birləşdirən nadir şəhərsalma məkanı kimi beynəlxalq səviyyədə tanınıb", - sədr bildirib.

Qeyd olunub ki, İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə, onun milli-mədəni irsin qorunmasına göstərdiyi xüsusi diqqət və uzaqgörən siyasəti nəticəsində mümkün olub. Bu gün də İçərişəhərin qorunması və inkişafı istiqamətində işlər Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı ilə ardıcıl şəkildə davam etdirilir.

Sonda bu əlamətdar hadisənin 25 illiyi münasibətilə beynəlxalq tərəfdaşlar tərəfindən ünvanlanan təbrik videoları nümayiş olunub.

Yubiley musiqili proqram ilə davan etdirilib.

Qeyd edək ki, Bakının tarixi mərkəzi olan İçərişəhər minilliklər boyu formalaşmış zəngin mədəni irsi, unikal şəhərsalma quruluşu və nadir memarlıq nümunələri ilə seçilir. Xəzər dənizi sahilində yerləşən və 22 hektar ərazini əhatə edən bu qədim yaşayış məkanı orta əsrlər Azərbaycan şəhər mədəniyyətinin günümüzədək qorunub saxlanılmış nadir nümunələrindəndir.

Məhz bu tarixi-memarlıq bütövlüyü, autentikliyi və universal dəyəri nəzərə alınaraq, İçərişəhər 2000-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti