​“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni səlahiyyətlər verilib

​“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni səlahiyyətlər verilib “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası” təsdiqlənib
Daxili siyasət
31 İyul , 2015 10:02
​“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni səlahiyyətlər verilib

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nı təsdiqləyib. “Report” xəbər verir ki, sənədi baş nazirin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Sənəd Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi ilə bağlı münasibətləri tənzimləyəcək.

Qayda sənədinə əsasən, daşınmaz mədəni irs nümunələrinin mühafizə zonaları və qoruqların sərhədləri barədə təkliflər Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində isə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Nazirlər Kabinetinə təqdim edilir.

Daşınmaz mədəni irs nümunələrinin mühafizə zonalarını və qoruqların sərhədlərini müəyyən etmək məqsədi ilə ekspertizanın həyata keçirilməsini Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi təmin edir.

Dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Mədəniyyət və Turizm Nazirliyi və müvafiq ərazi üzrə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə razılaşdırılmalıdır. Layihədə nəzərdə tutulmuş işlər Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təyin edilmiş mütəxəssisin iştirakı ilə həyata keçirilir.

Hüquqi və fiziki şəxslər, qeyri-hökumət təşkilatları, o cümlədən ictimai və yaradıcılıq birlikləri mülkiyyətlərində olan daşınar mədəni sərvətləri qorumalıdırlar. Sənəddə həmin qurumların bununla bağlı görəcəyi tədbirlər də göstərilib.

Sənədə əsasən, Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntıların aparılmasına və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə elmi- tədqiqat işlərinin yerinə yetirilməsinə icazə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilir və müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyində, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində qeydə alınır.

Dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları əraziləri üzrə isə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə razılaşdırılmalıdır. Layihə üzrə işlər Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Mədəniyyət və Turizm Nazirliyi və müvafiq ərazi üzrə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təyin edilmiş mütəxəssislərin iştirakı ilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi