Azərbaycanda itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimatı keçirilib

Daxili siyasət
  • 10 mart, 2025
  • 11:31
Azərbaycanda itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimatı keçirilib

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (International Commission o Missing Persons- ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı Üzrə qiymətləndirmə hesabatı"nın təqdimatını edib.

"Report" xəbər verir ki, tədbirdə Dövlət Komissiyasının üzvləri və İșçi qrupunun əməkdaşları, Beynəlxalq Komissiyanın yüksək ranqlı təmsilçiləri, millət vəkilləri, aidiyyəti dövlət orqanlarının rəhbər şəxsləri, QHT və media nümayəndələri iştirak edib.

Bildirilib ki, ötən dövr ərzində Dövlət Komissiyası itkinlərin taleyinin aydınlaşdırılması sahəsində müvafiq addımlar atıb, ailələrdən bioloji nümunələrin götürülməsi prosesini davam etdirib, DNT profilləri çıxarıb:

"İşğaldan azad olunmuş ərazilərdə 2021-ci ilin fevral ayından etibarən aparılmış qazıntı işləri 23 kütləvi məzarlıq müəyyən edilmiş və həmin məzarlıqlarda itkin nəticəsində düşmüş soydaşlarımıza aid olan insan qalıqları aşkarlanaraq götürülüb". 

Məlumat verilib ki, Ermənistan itkin şəxslərin taleyinə aydınlıq gətirilməsi məsələsində Azərbaycanla əməkdaşlıqdan və kütləvi məzar yerləri barədə məlumatları təqdim etməkdən müxtəlif bəhanələrlə boyun qaçırır:

"Münaqişə dövründə Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının insanların zorakı itkindüşmədən müdafiəsinə dair müddəalarının tələblərinin mütəmadi olaraq pozulması, mülki şəxslərin girov götürülməsi, onlara və hərbi əsirlərə qarşı qeyri-insani rəftar edilməsi, işgəncə verilməsi, onların məhkəmə hökmü olmadan azadlıqdan məhrum edilmələri və edam olunmaları, insanların kütləvi şəkildə, dəfn adətlərinə riayət olunmadan məzarlıqlarda basdırılmaları, habelə məzar yerlərinin gizlədilməsi va qəsdən məhv edilməsi kimi ağır cinayətlərin törədildiyi nəzərə alınaraq, bundan sonra da bu cür məzarlıqların sayının artacağı gözlənilir".

Eyni zamanda itkin ailələrin 30 illk intizarına son qoymaq üçün bütün imkanlardan yararlanmağa çalışan Dövlət Komissiyası dünyanın müxtəlif yerlərində qanunsuz məzarlıqların aşkarlanması, insan qalıqlarının identifikasiyası, itkinlərin taleyinin aydınlaşdırılması, məhkəmə ekspertizası üzrə böyük iş təcrübəsinə peşəkar mütəxəssis heyətinə, eləcə də müvafiq sahədə qabaqcıl texniki imkanlara və müasir metodologiyaya malik olan Beynəlxalq Komissiya ilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək niyyətindədir.

Sonda Beynəlxalq Komissiya ilə əməkdaşlığın itkin soydaşlarımızın taleyinin aydınlaşdırılması istiqamətində səmərəli nəticələr verəcəyinə dərin inam ifadə olunub.

Foto: Məhəmməd Ağayev

Son xəbərlər

Bütün Xəbər Lenti