Anastasiya Lavrina: Cənubi Qafqazdakı ən böyük rus icması Azərbaycandadır

Anastasiya Lavrina: Cənubi Qafqazdakı ən böyük rus icması Azərbaycandadır Azərbaycanda bir çox millətlərin və konfessiyaların dinc və birgə yaşaması, inkişafı üçün əlverişli şərait yaradılıb, hökumət müxtəlif dini ənənələrə tolerantlıq və hörmət prinsiplərini fəal şəkildə dəstəkləyir.
Daxili siyasət
19 Avqust , 2024 23:46
Anastasiya Lavrina: Cənubi Qafqazdakı ən böyük rus icması Azərbaycandadır

Azərbaycanda bir çox millətlərin və konfessiyaların dinc və birgə yaşaması, inkişafı üçün əlverişli şərait yaradılıb, hökumət müxtəlif dini ənənələrə tolerantlıq və hörmət prinsiplərini fəal şəkildə dəstəkləyir.

Bunu “Report”a açıqlamasında Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina deyib.

“Azərbaycandakı ruslar hər zaman çoxmillətli cəmiyyətin tamhüquqlu vətəndaşları olublar. Hüquqlarımızın ölkə konstitusiyası ilə təmin olunmasından başqa, bizim üçün əlverişli həyat şəraiti yaradılıb ki, bu da bizi çox sevindirir. Birlik Azərbaycan cəmiyyətinin ən mühüm xüsusiyyətlərindən biridir. 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən Müharibəsi bizi daha da birləşdirdi. Bütün etnik qrupların nümayəndələri, o cümlədən də ruslar öz vətənlərini müdafiə etmək üçün könüllü cəbhəyə getdi”, - o bildirib.

Lavrina vurğulayıb ki, ölkədə rusların çox olması Azərbaycanda onlar üçün yaxşı şəraitin yaradıldığını göstərir: “Cənubi Qafqaz regionundakı ən böyük icmamız məhz buradadır, 120 min nəfərə yaxındır”.

İcma nümayəndəsi qeyd edib ki, Azərbaycan hakimiyyəti müxtəlif xalqların mədəni, memarlıq və dini irsinə diqqətlə yanaşır, o cümlədən ölkədə məbədlərin bərpasına dövlət qrantları və maliyyə vəsaiti hesabına dəstək verilir.

O, Azərbaycanın rus icmasının ölkənin həyatında fəal iştirak etdiyini də vurğulayıb: “Bu illər ərzində gedən proseslərdə daha da fəal iştirak etmişik və ölkə rəhbərliyinin regionda sülh yaradılması gündəliyinə, Rusiya ilə əlaqələrin möhkəmləndirilməsinə, eləcə də azad edilmiş ərazilərin inkişafına istiqamətlənmiş səylərini dəstəkləməyə hazırıq”.

Bundan başqa, Lavrina Azərbaycan və Rusiya arasında işgüzar və diplomatik münasibətlərdə rus dilinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. “Azərbaycan rus dilinin tez-tez işlək dillərdən biri kimi istifadə olunduğu beynəlxalq təşkilatların fəal iştirakçısıdır. Bu, onun öyrənilməsi üçün əlavə motivasiya yaradır”, - o fikrini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi