Amnistiya təşəbbüsü İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını göstərir - RƏY
- 15 dekabr, 2025
- 17:43
Prezident İlham Əliyevin 2025-ci ilin sonuna doğru amnistiya elan edilməsi təşəbbüsünü irəli sürməsi dövlət başçısının siyasətinin mərkəzində insan amilinin, Azərbaycan vətəndaşının dayandığını göstərir.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasının 54-cü maddəsində insan və azadlıqlarının qorunması öz əksini tapıb:
"Ümumiyyətlə, 1995-ci il noyabrın 12-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən əsas qanunda əksini tapan maddələrin üçdə bir hissəsi insan hüquqlarının qorunmasına və onun müdafiəsinə yönəlib. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dönəmlərdə insan amilinə xüsusi həssaslıqla yanaşılıb. Ulu Öndərin idarəçliyi zamanından başlayaraq ölkəmizdə insan hüquqlarının müdafiəsi, qanunların aliliyinin qorunması istiqamətində məqsədyönlü addımlar atılıb. Məhz Heydər Əliyevin səyi ilə 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyuldu. 1998-ci ildə isə bu cəza tamamilə ləğv olundu".
Deputat həmçinin bildirib ki, amnistiya təşəbbüsü insan hüquq və azadlıqları, insanın yaşamaq hüququna verilən yüksək dəyərdən xəbər verir:
"Hazırda Azərbaycanda "Konstitusiya və Suverenlik ili" qeyd olunur. Bu il ərzində daxili və xarici siyasətdə silsilə uğurların şahidi olduq. Bu uğurlar xalqımızın maraqlarının təmin olunması deməkdir. Hazırkı Amnistiya aktının layihəsinə görə, ümumilikdə 20 mindən çox şəxsi əhatə edəcək sənəd say baxımdan ən böyük olacaq. Bu isə o deməkdir ki, 20 mindən çox evə istilik gələcək, həmin evlərə xoşbəxtlik bəxş ediləcək. Bu, dövlət başçımızın humanistlik, qayğıkeşlik nümunəsi göstərdiyindən xəbər verir".
A.Badamov, eyni zamanda, Prezident İlham Əliyevin Ümummilli Liderin ideallarına hər zaman sadiq olduğunu vurğulayaraq Azərbaycan xalqının bu siyasəti yüksək dəyərləndirdiyini söyləyib:
"Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan humanizm siyasəti də bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət neçə-neçə ailəyə sevinc bəxş edəcək. Amnistiya aktının bu qədər insana şamil olunması "Konstitusiya və Suverenlik ili" ilə bərabər, dövlət başçısının insan amilinə verdiyi əhəmiyyəti də təqdirəlayiq edir".
Xatırladaq ki, Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.