Qərbi Azərbaycan Xronikası: "Bacoğlu necə Haykavan oldu?"
- 17 dekabr, 2025
- 01:18
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Bacoğlu necə Haykavan oldu?" adlı süjet hazırlanıb.
"Report" xəbər verir ki, süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Barzaxı, Basutçay, Batar, Bataxlı, Bacoğlu toponimi və hidronimi haqqında söz açılır.
Bildirilir ki, indiki Ermənistanda oğuz türklərinə məxsus coğrafi məkanlar ermənilər tərəfindən izi itirilməklə yanaşı, dağıdılaraq viran qoyulub, xarabalığa çevrilib.
Bacoğlu - Şörəyel mahalının Düzkənd, sonralar Axuryan adlandırılan rayonda kənd adıdır. 1937-ci ilə kimi Gümrü/Leninakan rayonunun tabeliyində olub. Azərbaycanlılar 1918-ci ildə erməni soyqırımına məruz qalaraq qovulub. Türkiyədən köçürülən ermənilər burada yerləşdirilib. 1920-ci ildə sağ qalan azərbaycanlılar öz evlərinə dönsələr də, 1928-1929-cu illərdə başqa kəndə köçürülüblər. 1945-ci ildə adı dəyişdirilib Haykavan qoyulub.
Sonda vurğulanır ki, ermənilərin özlərinə də məlum olduğu kimi, indiki Ermənistan ərazisində tarix boyu oğuz türkləri yaşayıb və coğrafi adların müxtəlif növləri olan bütün toponimik məkanlar onlara aiddir: "İndi əsas vəzifəmiz yolumuzu gözləyən doğma yurdlarımıza qayıtmaqla tarixi bir daha yeniləmək, qədim yaşayış məskənlərimizin abadlaşmasını təmin etməkdir".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.