Makron Aİ-ni Çinlə ticarət disbalansını aradan qaldırmağa çağırıb

Digər ölkələr
  • 17 dekabr, 2025
  • 01:43
Makron Aİ-ni Çinlə ticarət disbalansını aradan qaldırmağa çağırıb

Avropa İttifaqı Çinlə ticarət disbalansını daxili islahatlar və Pekinlə əməkdaşlıq yolu ilə aradan qaldırmalıdır.

"Report"un məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın "Financial Times" qəzetində dərc olunan məqaləsində yazıb.

"Çinin dünya ilə ticarət balansındakı profisiti hazırda inanılmaz rəqəmə – 1 trilyon ABŞ dollarına çatır. Onun Aİ ilə profisiti son 10 ildə, demək olar, iki dəfə artaraq 300 milyard avro təşkil edib. ABŞ tariflərinin və zəif daxili tələbin birləşməsi nəticəsində Çin ixracı indi Avropaya axışır. Bu nə Avropa, nə də Çin üçün davamlıdır", – deyə Makron vurğulayıb.

O, Çin məhsullarına rüsum və kvotaların tətbiqi imkanını rədd edərək belə addımı "qarşıdurma cavabı" adlandırıb, lakin bu istiqamətdə hərəkətin davam etməsinin "ciddi ticarət mübahisəsi"nə gətirib çıxaracağı barədə xəbərdarlıq edib.

Makron həmçinin birbaşa xarici investisiyalar sahəsindəki disbalansın aradan qaldırılmasına çağırıb. Onun sözlərinə görə, Aİ Çinə təxminən 240 milyard avro investisiya yatırıb, Pekin isə cavab olaraq təxminən 65 milyard avro sərmayə qoyub.

"Avropa İttifaqı Çin şirkətlərinin iş yerləri və innovasiyalar yaratmasına, texnologiyalarını bölüşməsinə töhfə verdiyi sahələrdə Çindən investisiyalara açıq olmalıdır. Eyni zamanda, Avropanın xidmət sənayesi Çin bazarında investisiya qoymağa və inkişafa davam etməlidir", – deyə Fransa Prezidenti qeyd edib.

Qlobal disbalansların aradan qaldırılmasını isə o, Fransanın 2026-cı ildə "Böyük Yeddilik"ə (G7) sədrliyinin əsas prioriteti adlandırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti