NYT: ABŞ miqrantların saxlanılması üçün Quantanamodan istifadəni bərpa edib
- 17 dekabr, 2025
- 02:51
ABŞ Kubadakı Quantanamo bazasında yerləşən və artıq 22 kubalı miqrantın yerləşdirildiyi qeyri-qanuni miqrantların saxlanma mərkəzinin doldurulmasını bərpa edib.
"Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, həmin 22 qeyri-qanuni miqrant arasında, adətən, həbsxanada saxlanılan və "yüksək təhlükə səviyyəli qeyri-qanuni immiqrant" kimi tanınan beş kişi var.
ABŞ 18 nəfəri Salvador və Qvatemalaya deportasiya etdikdən sonra oktyabrın ortalarından bəri kompleks boş qalmışdı. Həmin ayın sonunda bazanın personalı yaxınlaşan "Melissa" qasırğası səbəbindən təxliyə edilmişdi.
Ümumilikdə, İmmiqrasiya və Gömrük Mühafizəsi orqanı bazada yaradılmış miqrant saxlanma mərkəzində təxminən 730 nəfəri saxlayıb ki, onların da böyük hissəsi ABŞ-yə Salvador, Qvatemala və Venesuela da daxil olmaqla, Latın Amerikası ölkələrindən gələnlərdir.