G20 liderləri COP29 danışıqlarının iştirakçılarına aydın siqnal göndərdilər - bütün ölkələrin maraqlarına cavab verən iddialı yeni maliyyə hədəfi əldə olunmadan Bakını tərk etməyin.
“Report” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil G20 liderlərinin Bəyannaməsini şərh edərkən bildirib.
"Dünyanın ən böyük iqtisadiyyatlarının liderləri maliyyə islahatlarını təşviq etməyi öhdələrinə götürüblər. Bu, iqlim dəyişikliyinin sürətlə artan təsirləri ilə əhatə olunmuş dünyada son dərəcə vacib siqnaldır", - o vurğulayıb.
S.Stilin sözlərinə görə, iyirmiliyin liderləri qlobal əməkdaşlığın son dərəcə vacib olduğunu vurğulayıblar. Eyni zamanda COP29-un balanslaşdırılmış qərarlar paketinin mərkəzi elementi kimi iddialı yeni maliyyə hədəfini razılaşdırmaqla nümunə göstərməli olduğunu təsdiqləyiblər.
"Təmiz enerji”yə əsaslanan və iqlim dəyişikliyinə davamlı qlobal iqtisadiyyata daha sürətlə keçmək üçün daha iddialı milli iqlim dəyişikliyi planları hazırlamaq lazımdır", - bəyanatda qeyd olunub.