İqlim maliyyələşdirilməsində gender-həssas modellərin tətbiqi iqlim tədbirlərində gender bərabərliyini dəstəkləyəcək.
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Gender Bərabərliyi Günü.Şəffaflıqda Gender Tərəflər Konfransının 29-cu sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının layihəsi artıq hazırlanıb:
"Gender həssas göstəriciləri tətbiq edərək iqlim dəyişikliklərinə dair mövcud gender bərabərsizliyini üzə çıxara bilərik. Beynəlxalq və milli öhdəliklərimizə uyğun olaraq, Planın əsas prioritetlərindən biri iqlim dəyişikliklərinin gender bərabərliyinə təsirini, həmçinin qadınlar və uşaqlar üçün risklərini nəzərə alan adaptasiya tədbirləridir. Planın icrası əhalini və qərar qəbul edənləri iqlim dəyişikliklərinin gender aspektləri ilə bağlı məlumatlandıracaq".
Komitə sədri vurğulayıb ki, Azərbaycanın iqlim hədəfləri arasında qadınların ekoloji məsələlərə çıxışını təmin etmək və onların iştirakını artırmaq xüsusi yer tutur:
"Su çatışmazlığı ilə üzləşən bir ölkə olaraq bu məsələyə gender həssas yanaşma ilə yanaşırıq. Su və gender bərabərliyi mövzusu müvafiq dövlət orqanlarının gündəmindədir. Azərbaycanın sosial-iqtisadi inkişaf gündəliyi qadınların iqtisadi imkanlara çıxışını yaxşılaşdırmağa yönəlib.
COP29 çərçivəsində gender bərabərliyini hər iqlim siyasətinin əsas prinsipi etmək öhdəliyimizi təsdiq edirik. BTR və NDC-lərdə gender bərabərliyi təkcə bir hədəf deyil, davamlı və ədalətli iqlim gələcəyi üçün vacib bir şərtdir.
Bu təşəbbüsləri dəstəkləmək gender bərabərliyini iqlim dəyişiklikləri siyasətimizin ayrılmaz bir hissəsinə çevirməyə imkan verəcək və birlikdə daha güclü və daha inklüziv bir cəmiyyət qurulmasına töhfə verəcəyik".