COP29-a görə Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Nəzarətinin Heydər Əliyev Beynəlxalq Hava Limanındakı əməkdaşlarının sayı artırılıb.
"Report" xəbər verir ki, bunu DSX Sərhəd Nəzarətinin zabiti, mayor Nicat Cahidzadə deyib.
Onun sözlərinə görə, COP29 zamanı hansısa fövqəladə hal baş verərsə, sistemin və şəbəkənin dayanıqlı təmin olunması üçün müvafiq tədbirlər görüləcək:
"Tədbirə gələn qonaqlar COP29 Əməliyyat Şirkəti tərəfindən qarşılanacaq və xüsusi keçid zolaqları ilə sərhəd nəzarəti kabinələrinə yönləndiriləcək. DSX-nin Sərhəd Nəzarətinin əməkdaşları sürətli şəkildə sənədlərin yoxlanılması, tədbirə gələn xarici vətəndaşlar üçün 45 saniyə, yerli vətəndaşlar üçün isə 30 saniyə rəsmiləşdirmə prosesi həyata keçirəcəklər. COP29-a görə əməkdaşların sayı artırılıb.
Tədbirin yüksək səviyyədə təşkili üçün sərhəd nəzarətinə diqqətin artırılması, buraxılış məntəqələrində etibarlı xidmətin təşkil olunması, müvafiq dövlət qurumları arasında müxtəlif qarşılıqlı əlaqələr, gecikmələrə yol verməmək məqsədilə xüsusi texniki vasitələrə nəzarət edilməsi üçün lazimi tədbirlər görülüb. Həmçinin sıxlığın aradan qaldırılması üçün şəxsi heyətin iş yerlərinin sayı artırılıb. Müasir vasitələrdən, texnikalardan istifadə olunur".