Vüsal Qasımlı: "Süni intellekt uzunmüddətli rəqabət üstünlüyü yaradan strateji inkişaf istiqamətidir"
- 23 dekabr, 2025
- 11:35
Bu ilin martında Prezident İlham Əliyev "2025–2028-ci illər üçün süni intellekt Strategiyası"nı, dekabrda isə "Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya"nı təsdiqləyib. Hər iki strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) həyata keçirir. Mərkəzin icraçı direktoru Vüsal Qasımlı monitorinq və qiymətləndirmə prosesi ilə bağlı "Report"un suallarını cavablandırıb:
- Gəlin əvvəlcə dövlət başçısının sərəncamı ilə təsdiqlənmiş "Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya"dan danışaq. Bu, Azərbaycanda innovasiya və texnoloji inkişafla bağlı növbəti Strategiyadır.
- İİTKM təsis edildiyi dövrdən etibarən 30-dan çox strateji siyasət sənədinin monitorinq və qiymətləndirilməsini həyata keçirib. Hazırda isə icrası davam edən və yaxud yeni qəbul olunmuş 18 strateji sənəd üzrə bu proses davam etdirilir. Apardığımız monitorinq prosesinin nəticələri qlobal təcrübə və beynəlxalq analitik müqayisələr nəzərə alınmaqla təhlil edilir, aidiyyəti qurumlara növbəti icra dövrləri üzrə hədəflərin formalaşdırılması, eləcə də qoyulmuş məqsədlərə uyğun icranın təmin edilməsi üçün tövsiyələr şəklində təqdim olunur.
Monitorinq və qiymətləndirmə prosesləri rəqəmsal platformalar, eləcə də cari ildən mərkəzləşmiş "Vahid Elektron Hesabatlılıq Portalı" üzərindən həyata keçirilir ki, bu da şəffaflığı, hesabatlılığı və operativliyi əhəmiyyətli dərəcədə artırır.
Proqramlar üzrə tədbirlərin qiymətləndirilməsi, strateji hədəflərə nail olunma səviyyəsinin monitorinqi, müvafiq analitik hesabatların və müasir çağırışlara uyğun tövsiyələrin hazırlanması istiqamətində Mərkəzin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və əldə olunan biliklərin aidiyyəti maraqlı tərəflərə sistemli şəkildə çatdırılması xüsusi əhəmiyyət kəsb edir. Bu yanaşma çərçivəsində mütəmadi olaraq beynəlxalq təcrübə mübadiləsinə həsr olunmuş tematik görüşlər və onlayn tədbirlər təşkil edirik.
Bu ilin oktyabr ayında İİTKM-in təşkilatçılığı, Çin Kiçik və Orta Bizneslərin İnkişafına Dəstək Mərkəzi və "Beijing Blue Satellite Communication Technology Co., Ltd." şirkətinin tərəfdaşlığı ilə "Süni intellekt həlləri ilə səhiyyədə rəqəmsal transformasiya: Azərbaycan–Çin təcrübə mübadiləsi" mövzusunda onlayn seminar keçirilib. Məqsəd süni intellekt (Sİ) texnologiyalarının səhiyyə sisteminə inteqrasiyası üzrə Çin təcrübəsinin öyrənilməsi, Azərbaycanın səhiyyə sektorunda tətbiq imkanlarının müzakirəsi, iki ölkə arasında bu sahədə əməkdaşlıq üçün platformanın yaradılması idi. Sözügedən tədbirdə ümumilikdə 30-a yaxın dövlət qurumundan 120-dən çox nümayəndə iştirak etdi.
Bununla yanaşı, bu il Oksford Universitetində keçirilən "İnsan-alqoritm qarşılıqlı əlaqəsi" elmi konfransında "Azərbaycanda dövlət proqramlarının idarə olunmasında süni intellektin tətbiqi" təqdim olunub. Əldə edilən nəticələrin əməkdaşlıqların genişləndirilməsinə və birgə layihələrin icrasına öz töhfəsini verəcəyini düşünürük.
Mərkəzin monitorinq və qiymətləndirmə sistemi beynəlxalq səviyyədə də tanınıb və data əsaslı idarəetmə, "smart monitoring" və nəticəyönümlü dövlət proqramları üzrə bir sıra beynəlxalq mükafatlarla təltif olunub. Bu faktlar Azərbaycanın innovativ ekosisteminin formalaşmasında institusional potensialın gücləndiyini və qlobal inkişaf meyarları ilə uyğunlaşmanın dərinləşdiyini göstərir.
2025-ci ildə innovativ ekosistemin formalaşdırılması və qlobal texnoloji çağırışlara uyğunlaşma baxımından xüsusi əhəmiyyət daşıyan "2025–2028-ci illər üçün süni intellekt Strategiyası" və "Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya"nın icrasının monitorinqi və qiymətləndirilməsi ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən bizə həvalə edilib.
- Maraqlı məqama toxundunuz. Süni intellekt və rəqəmsal iqtisadiyyatla bağlı mühüm dövlət sənədlərinin monitorinqini və qiymətləndirilməsini aparırsınız. Qlobal tendensiyalar fonunda Azərbaycanın süni intellekt sahəsində müəyyən etdiyi əsas məqsədlər və prioritet istiqamətlər nədən ibarətdir?
Ümumilikdə IV sənaye inqilabı süni intellektlə yanaşı nanotexnologiya, biotexnologiya, robototexnika, böyük məlumat analitikası, əşyaların interneti, insan–maşın interfeysləri, 3D çap və qabaqcıl rəqəmsal istehsal texnologiyalarının bir-birini tamamlaması və inteqrasiyası ilə xarakterizə olunur. Süni intellekt bu texnologiyalar arasında koordinasiyaedici və dəyər yaradan əsas mexanizm rolunu oynayır. Süni intellekt təkcə texnoloji komponent kimi deyil, məhsuldarlığı, səmərəliliyi və miqyaslanmanı təmin edən əsas intellektual qat kimi çıxış edir və dövlətlər bunu IV sənaye inqilabının əsas strateji prioriteti kimi önə çəkir.
Şübhəsiz ki, qlobal inkişaf xəttinə uyğun olaraq Azərbaycanda da süni intellekt sahəsində iş aparılır və "2025–2028-ci illər üçün süni intellekt Strategiyası" qəbul edilib. Strategiyanın əsas məqsədi süni intellekti təkcə texnoloji yenilik kimi deyil, iqtisadi rəqabət qabiliyyətini artıran, innovasiya əsaslı inkişafı sürətləndirən və dövlət idarəçiliyində səmərəliliyi yüksəldən strateji alət kimi tətbiq etməkdir.
Strategiya məqsədlər, prioritet istiqamətlər və tədbirlər əsasında formalaşdırılıb və 4 prioritet istiqamət üzrə 15 əsas tədbiri əhatə edir. Bu çərçivədə süni intellektin idarəetmə və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, etik və hüquqi çərçivənin, data mühafizəsi və standartlaşdırmanın təmin edilməsi, yüksəksəviyyəli hesablama infrastrukturu və təbii dil emalı imkanlarının inkişafı, insan kapitalının gücləndirilməsi, elmi tədqiqatların təşviqi, eləcə də investisiyaların cəlb edilməsi və əlverişli biznes mühitinin formalaşdırılması nəzərdə tutulur.
- Strategiya müəyyən icra dövrünü əhatə edir. Bu sahədə qarşıya qoyulan məqsədlərə nail olmaq və ekosistemi formalaşdırmaq imkanlarını necə qiymətləndirirsiniz?
- Təbii ki, süni intellekt mürəkkəb və çoxşaxəli bir sahədir. Sİ ekosistemi təkcə normativ çərçivə ilə deyil, ardıcıl institusional quruculuq, davamlı infrastruktur yatırımları, insan kapitalının mərhələli inkişafı, bazar və innovasiya mexanizmlərinin formalaşdırılması ilə yetişir.
Beynəlxalq təcrübə də göstərir ki, uğurlu ölkələrdə süni intellekt strategiyaları adətən bir-birini tamamlayan sənədlər, sektorlararası təşəbbüslər və icra prosesində tədricən genişlənən siyasət alətləri vasitəsilə həyata keçirilir. Bu baxımdan, Strategiyanın icra dövrü süni intellekt gündəliyinin institusional əsaslarının qurulması və pilot tətbiqlərin başlanması üçün kritik mərhələ kimi qiymətləndirilməlidir, daha geniş və dayanıqlı təsirin təmin edilməsi isə paralel strateji çərçivələr və əlavə təşviq mexanizmləri ilə gücləndirilməlidir.
Süni intellekt gündəliyinin daha geniş iqtisadi və institusional çərçivədə icrasını təmin edən tamamlayıcı sənəd kimi ölkə Prezidentinin 2025-ci il 10 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya" xüsusi əhəmiyyət daşıyır. Bu sənəddə süni intellekt sektorlar üzrə ayrıca başlıq kimi təqdim olunmasa da, strategiyanın prioritet istiqamətləri və əsas təşəbbüsləri faktiki olaraq süni intellekt texnologiyalarının tətbiqi üçün zəruri olan iqtisadi, institusional və texnoloji mühiti formalaşdırır. Ümumilikdə Strategiyanın prioritet istiqamətləri üzrə 52 təşəbbüs, onlardan 8-i yüksək təsir potensialı, çoxsektorlu tətbiq imkanları və maraqlı tərəflərin ehtiyacları əsasında "əsas təşəbbüslər" olaraq müəyyən edilib.
Rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiyada müəyyən edilmiş əsas təşəbbüslər süni intellektin praktik tətbiqinə birbaşa xidmət edir. "Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək proqramı" vasitəsilə KOB və iri müəssisələrin rəqəmsal transformasiyası maliyyə alətləri ilə dəstəklənə bilər. "Yeni Nəsil Texnologiyalar Mərkəzi"nin "öyrən və transformasiya et" modeli əsasında biznes proseslərinə süni intellekt və digər qabaqcıl texnologiyaların inteqrasiyası proqnozlaşdırılır. "Yeni bizneslərin və startapların gücləndirilməsi" və "Rəqəmsal bacarıqlar üzrə kadr hazırlığı proqramları", eləcə də "Azərbaycan dili bazasında süni intellekt modelinin hazırlanması" üzrə tədbirlərin məlumat suverenliyini gücləndirməklə yanaşı, yerli texnoloji həllərin inkişafına imkan yaradacağı gözlənilir. Bununla yanaşı, "İqtisadi Məlumatların Analitikası Platforması" və "Rəqəmsal Əkiz" təşəbbüsü data əsaslı idarəetmə və planlaşdırma imkanlarını genişləndirə bilər. "Rəqəmsal Həllər və Xidmətlər Platforması" isə dövlət və biznes üçün süni intellekt əsaslı rəqəmsal məhsulların tətbiqini asanlaşdırmaq məqsədi daşıyır. Bu təşəbbüslər birlikdə süni intellekti ayrı-ayrı pilot layihələrdən çıxararaq iqtisadiyyatın müxtəlif sahələrində tətbiq olunan və ölçülə bilən nəticələr yaradan sistemli alətə çevirir.
- Süni intellektin tətbiqi üçün hansı sektorlar prioritet seçilməlidir və görülən işlərin effektivliyi üçün hansı qurumlar məsul müəyyən olunmalıdır?
- Burada prioritet "sektorların çoxluğu" deyil, resursların məhdudluğu fonunda maksimum təsir yaradan sahələrin seçilməsidir. Süni intellekt Strategiyasının Tədbirlər Planında da milli prioritet sektorların və sektor üzrə məsul dövlət qurumlarının müəyyən edilməsi ayrıca bir tapşırıq kimi müəyyən edilib. Eyni zamanda, sektor üzrə məsul dövlət qurumlarının fəaliyyətinin əlaqələndirməsi tədbiri üzrə dövlət qurumlarının potensialının və resurslarının qiymətləndirilməsi və bunun əsasında hər bir sektor üzrə fəaliyyət planlarının hazırlanması indikatorları müəyyən edilib.
Məqsədlərin bir qismi konkret fəaliyyət istiqamətlərinə yönəlir (məsələn, dövlət idarəçiliyi, kadr hazırlığı, infrastrukturun inkişafı), digərləri isə bütün sahələrə şamil olunan ümumi məsələləri əhatə edir (etik qaydalar, standartlaşdırma, risklərin azaldılması). Bu məqsədlərin təhlili əsasında, sənəddə dolayı yolla hansı sektorların prioritet ola biləcəyi artıq görünür. Buna baxmayaraq, Strategiyanın mətnində qeyd olunur ki, süni intellektin təsirini artırmaq və resurslardan daha səmərəli istifadəni təmin etmək məqsədilə kənd təsərrüfatı, səhiyyə, nəqliyyat, təhsil və digər sahələrdə prioritet sektorların müəyyən edilməsi nəzərdə tutulur.
Süni intellekt üzrə prioritet sektorlar Azərbaycanın milli maraqları, beynəlxalq təcrübə və qlobal indekslərdə ölkəmizin mövqeyinin təhlilinə əsasən müəyyənləşir. Sektorların prioritetləşdirilməsində iki kateqoriya üzrə yanaşma istifadə oluna bilər. I kateqoriya "Foundation" (əsas) sektorlardır və bu sektorlar süni intellektin bütün tətbiq sahələri üçün baza rolunu oynayır. Bu kateqoriyaya "elm və təhsil" və paralel olaraq "İKT və data infrastrukturu" daxildir. "Elm və təhsil" sektorunun əsas funksiyalarına ixtisaslı kadrların hazırlanması, tədqiqat və innovasiya hasilatının artırılması, eləcə də davamlı rəqəmsal və Sİ bacarıqları ekosisteminin formalaşdırılması aid edilir. İKT və data infrastrukturu süni intellekt tətbiqlərinin texniki dayağını təşkil edir və data mərkəzləri, bulud və yüksəkhesablama (cloud/HPC) resursları, sistemlərarası inteqrasiya və kiberdayanıqlılıq mexanizmləri bütün "use-case"lərin "daşıyıcısı" kimi çıxış edir. Bu sektorlar olmadan süni intellektin miqyaslı və dayanıqlı tətbiqi mümkün deyil.
II kateqoriya "Impact", yəni təsir yaradan sektorları əhatə edir. Bu sahələr süni intellektin iqtisadi və sosial faydasını daha qısa müddətdə real nəticələrə çevirir. Buraya dövlət idarəçiliyində xidmət keyfiyyətinin və şəffaflığın artırılması, enerji və yaşıl enerji sahəsində "smart grid" və proqnozlaşdırma həlləri, nəqliyyat və logistikada marşrutların optimallaşdırılması, səhiyyədə erkən diaqnostika və xərclərin azaldılması, aqrar sektorda məhsuldarlıq və ərzaq təhlükəsizliyi, maliyyə sahəsində rəqəmsal ödənişlər və risklərin idarə edilməsi, eləcə də su və iqlim texnologiyaları vasitəsilə uzunmüddətli dayanıqlılığın gücləndirilməsi daxildir.
- "Milli prioritet sektorların və sektor üzrə məsul dövlət orqanlarının müəyyən edilməsi praktiki olaraq idarəetmənin səmərəliliyinə və icra mexanizmlərinin gücləndirilməsinə necə təsir göstərəcək?
- Süni İntellekt Strategiyasında sektorlar üzrə məsul dövlət qurumlarının müəyyən edilməsi və işçi qrupları vasitəsilə koordinasiyanın təşkili idarəetmə mexanizminin institusional baxımdan gücləndirilməsinə xidmət edir. Beynəlxalq təcrübə göstərir ki, süni intellekt siyasətinin uğuru güclü institusional koordinasiyadan asılıdır. Kanadada "Pan-Canadian AI Strategy" çərçivəsində federal səviyyədə strateji koordinasiya, universitetlərdə isə tətbiqi tədqiqat qrupları paralel fəaliyyət göstərir. Böyük Britaniyada Süni İntellekt Ofisi dövlət qurumları arasında tənzimləmə uyğunluğunu əlaqələndirir. ABŞ-da NAIRR Koordinasiya Ofisi dövlət, sənaye və akademiya arasında resurs paylaşımını təmin edir. Sinqapurda "Smart Nation and Digital Government Office" süni intellekt və rəqəmsal idarəetmə təşəbbüslərini vahid hökumət komandası çərçivəsində əlaqələndirir. Türkiyədə isə bunu Ulusal Yapay Zekâ Stratejisi Rəqəmsal Transformasiya Ofisi, Sənaye və Texnologiya Nazirliyi və TÜBİTAK icra edir; TEYDEB vasitəsilə sektorlar üzrə innovasiya layihələri koordinasiya edilir. Bu model dövlət–universitet–sənaye əməkdaşlığının effektiv nümunəsidir və Azərbaycanda tətbiq olunan işçi qrupları yanaşması ilə məntiqi uyğunluq təşkil edir.
Nəticə etibarilə, süni intellekt Azərbaycan üçün yalnız yeni texnoloji alət deyil, iqtisadi modelin dərin transformasiyasını, dövlət idarəçiliyində keyfiyyətcə yeni yanaşmaları və uzunmüddətli rəqabət üstünlüyünü təmin edən strateji inkişaf istiqamətidir.