AQP rəsmisi: "ESG artıq gələcəyin deyil, bu günün prioritetidir"
- 18 noyabr, 2025
- 15:08
"Beynəlxalq maliyyə institutları, reytinq agentlikləri və iri investisiya fondları artıq investisiya qərarlarını yalnız maliyyə göstəricilərinə əsaslanaraq qəbul etmir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Günay İsmayılqızı bildirib.
Onun sözlərinə görə, bu qərarlar eyni zamanda ətraf mühitə təsir, sosial məsuliyyət və idarəetmə keyfiyyətinə bağlı riskləri də əhatə edir: "Bu qlobal tendensiya sürətlə genişlənir və Azərbaycan Qiymətləndiricilər Palatası qiymətləndirmə prosesində ESG çərçivəsini tətbiq etməyə xüsusi önəm verir".
Palata rəsmisi ESG-nin daşınmaz əmlak qiymətləndirməsində rolunu belə izah edib: "ESG - yəni, ətraf mühit (Environmental), sosial məsuliyyət (Social) və idarəetmə (Governance) kriteriyaları artıq bazar dəyərində əhəmiyyətli fərqlər yaradır. Enerji səmərəliliyi, inşaat materiallarının keyfiyyəti, su və tullantı idarəetməsi, yaşayış komfortu, karbon emissiyası, icma ilə əlaqə və idarəetmədə şəffaflıq kimi göstəricilər qiymətləndirmə prosesində vacib rol oynayır. Dünyada enerji effektiv binaların satış qiyməti ənənəvi binalara nisbətən orta hesabla 10-18 % yüksəkdir və illik istismar xərclərində 25-40 % civarında qənaət olunur".
Sədr müavininin sözlərinə görə, ESG-nin qiymətləndirməyə inteqrasiyası üç əsas metod üzrə aparılır: "Bu metod gəlir, bazar və xərc yanaşmaları çərçivəsində həyata keçirilir. Karbon emissiyasının azaldılması, suyun təkrar istifadəsi və bina daxilində sağlamlıq amilləri artıq bir çox ölkədə risk düzəlişi kimi tətbiq olunur. Bu yanaşma gəlir axınlarının dayanıqlılığına təsir edən mühüm kriteriyaya çevrilib. Bakı bazarında yeni tikililərin bəziləri enerji səmərəliliyi, fasad izolyasiyası, ventilyasiya və səs izolyasiyası üzrə yüksək keyfiyyət standartlarına cavab verir. Bu, investorlar və alıcılar üçün həm uzunmüddətli qənaət, həm də bazar dəyərinin artması deməkdir. Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən hazırlanmış yerli ESG qiymətləndirmə modeli kredit portfellərində risk çəkilərinin daha dəqiq hesablanmasına imkan verir və qiymətləndiricilər üçün daha standartlaşdırılmış və şəffaf metodologiya təqdim edir. Bu addım həm banklar, həm də qiymətləndiricilər üçün beynəlxalq tələblərə uyğunluğu təmin edir".
Əlavə edir ki, ESG yalnız ekoloji məsələ deyil, həm də iqtisadi və sosial göstəricidir: "Bakı şəhərində ESG tələblərinə cavab verən çoxmənzilli binalarda enerji sərfiyyatı normadan 30-35 %-dən aşağıdır və daxili mühit keyfiyyəti beynəlxalq standartlara yaxındır. Bu layihələr bazar dəyərində müsbət fərqlər yaradır, investisiya riskini azaldır və əmlakın qiymətini yüksəldir. ESG artıq gələcəyin deyil, bu günün mövzusudur və Azərbaycanda dayanıqlı tikinti, yaşıl maliyyə və məsuliyyətli investisiya bazarının formalaşması istiqamətində real addımlar atılır".