Bakı. 14 iyun. REPORT.AZ/ I Avropa Oyunlarında kanoe növündə çıxış edən Sergey Bezuqlıy və Aleksey Kupindən ibarət azərbaycanlı duet finala yüksəlib. "Report"un məlumatına görə, Mingəçevirdəki "Kür" İdman və Avarçəkmə Mərkəzindəki yarışda təşkilatçı ölkə təmsilçiləri 1000 metr məsafəyə yarımfinal yürüşündə bu uğura imza atıb.
Onlar finişə 3 dəqiqə 29 dəqiqə 489 saniyəyə çataraq yürüşü ikinci yerdə tamamlayıblar. S.Bezuqlıy - A.Kupin dueti çexiyalı Yaroslav Radon - Filip Dvorak (3:28.757) və rumıniyalı Liviu Dumitresku-Lazar - Viktor Mixalaki (3:31.724) cütlükləri ilə birgə həlledici mərhələdə iştirak hüququna yiyələnib.
İyunun 15-də saat 10:50-də keçiriləcək final yürüşündə onların digər rəqibləri Aleksey Korovaşkov - İlya Pervuxin (Rusiya), Andrey Boqdanoviç - Aleksandr Boqdanoviç (Belarus), Henrik Vasbanyay - Robert Mike (Macarıstan), Matyuş Kaminski - Mixal Kudla (Polşa), Peter Kretşmer - Mixael Müller (Almaniya), Dmitro Yançuk - Taras Mişuk (Ukrayna) duetləri olacaq.