Bakı. 21 fevral. REPORT.AZ/ "Bakı-2015" I Avropa Oyunlarının təqdimat mərasimi ilə əlaqədar Budapeştdə olan Azərbaycanın gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov Macarıstanın xarici işlər və ticarət naziri, Macarıstan-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri Piter Siyyarto ilə görüşüb.
Bu barədə "Report"a Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.
Azad Rəhimov bildirib ki, Avropa Oyunlarında qitənin 50 milli olimpiya komitəsinin bayrağı altında 6 mindən çox idmançı 20-dən çox növ üzrə öz qüvvələrini sınayacaqlar. Sonuncu Soçi Qış Olimpiya Oyunlarında cəmisi 2700 idmançının iştirak etdiyini xatırladan nazir "Bakı-2015"in miqyasına, iştirakçılarının sayına və populyarlığına görə Olimpiya oyunlarından qətiyyən geri qalmadığını xatırladıb.
Son bir neçə il ərzində dəfələrlə respublikada olan Piter Siyyarto ilk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycanın bu mühüm idman bayramının səviyyəsini çox yüksəyə qaldırdığını və Bakıdan sonra həmin səviyyəni qoruyub saxlamağın o qədər də asan olmayacağını bildirib. O, digər sahələrlə bir sırada idman sahəsində də Azərbaycan-Macarıstan əlaqələrinin böyük imkanlarının olduğunu xatırladıb və 2024-cü ildə növbəti Yay Olimpiya Oyunlarının keçirilməsi üçün namizədliyini irəli sürən Budapeştin qalib gələcəyi təqdirdə Bakının təcrübəsindən çox şey öyrənəcəyinə əminliyini vurğulayıb.
Görüşdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Heydər Əliyev Mərkəzinin icraçı direktoru Anar Ələkbərov da iştirak ediblər.