Nazirlik rəsmisi: "Gön-dərinin toplanılması ilə bağlı çətinliklər var"

ASK
  • 17 dekabr, 2025
  • 16:13
Nazirlik rəsmisi: Gön-dərinin toplanılması ilə bağlı çətinliklər var

Azərbaycanda gön-dərinin toplanılması ilə bağlı çətinliklər var.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev Bakıda təmsil etdiyi qurumun dəstəyi və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən "Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi" mövzusunda ictimai müzakirədə bildirib.

Onun sözlərinə görə, birbaşa məhsul subsidiyası verməklə istehsalın və əlavə dəyərin yaradılmasının təşviq olunması nəzərdə tutulur: "Məsələn, gön-dəri toplanılması ilə bağlı təşəbbüs həyata keçirəcəyik. Ölkədə kəsilən heyvan saylarına və mövcud dərinin istifadə imkanlarına baxdıqda qeyd edə bilərik ki, heyvandarlıq məhsulları ixracında gön-dəri ixracı xüsusi əhəmiyyətə malikdir. Belə ki, 2024-cü ildə gön-dəri ixracından ölkəyə təxminən 8 milyon ABŞ dolları vəsait daxil olub. Satılan dərilərin miqdarı isə ölkədə mövcud kəsimdən formalaşan iri buynuzlu heyvanların sayına nisbətdə 30-35 %, xırda buynuzlu heyvanların sayına nisbətdə isə 20 %-dən azdır. Bu o deməkdir ki, ölkədə gön-dərinin toplanması ilə bağlı müəyyən çətinliklər var. Bu həm logistika, həm də müəyyən qədər ilkin emal infrastrukturunun çatışmazlığı ilə bağlıdır".

Z.Əliyev qeyd edib ki, bu sahədə iki istiqamətli dəstək təklif olunur: "Birincisi, təchizatçıya təhvil verilən dəri üzərindən birbaşa subsidiyalaşmadır. İkincisi, ilkin emal müəssisələrinin özünün avadanlıqlarının 40 %-lik dövlət güzəştinə daxil edilməsi ilə bir növ onların sayının arıtılmasını təşviq etmək olar".

Son xəbərlər

Bütün Xəbər Lenti