Şahin Diniyev: "Sabah" - "Qarabağ" matçının bol qollu keçəcəyini düşünürəm"
- 17 dekabr, 2025
- 17:36
Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev sabah Masazırda keçiriləcək Misli Premyer Liqasının I turundan təxirə salınan "Sabah" - "Qarabağ" görüşünün bol qollu keçəcəyini düşünür.
Mütəxəssis bunu "Report"a açıqlamasında deyib.
O, "Qarabağ"ın üstün olduğunu vurğulayıb:
"Sabah" hazırda yaxşı formadadır. "Qarabağ" "Araz-Naxçıvan"a qarşı ikinci heyətlə oynadı. Əsas heyəti isə "Sabah"la oyun üçün saxladı. Futbolçular da artıq həm fiziki, həm də psixoloji baxımdan toparlanıblar. Bizi maraqlı oyun gözləyir. Hər iki komanda hücum etməyi sevir. Matçın qarşılıqlı hücumlar şəraitində və bol qollu keçəcəyini düşünürəm. Digər tərəfdən, "Qarabağ"ın "Ayaks"la qarşılaşmadan sonra psixoloji cəhətdən bir qədər "düşməsi" "Sabah"a şans qazandırır. Ancaq Ağdam klubu ustalıq baxımından bir addım irəlidədir".
Ş.Diniyev bu matçın çempionluğun taleyini həll edəcəyini düşünmür:
"Bu komandalar hələ üç oyun keçirəcəklər. Bu, qələbə qazanan tərəfin çempionluğa daha yaxın olacağı bir qarşılaşma deyil. Çünki aralarında daha sonra iki oyun da baş tutacaq. Çempionat elə bir şəkildə davam edir ki, hər görüşdə xal itirə bilərsən. Bütün oyunlarda qələbə qazanmaq mümkün deyil. Bununla belə, düşünürəm ki, çempionluq uğrunda vacib qarşılaşmadır. Çünki qələbə qazanan tərəf rəqib üzərində üstünlük quracaq. "Qarabağ" xal ehtiyatını artıra, "Sabah" rəqibini keçə bilər".
O, "Qarabağ"ın çempionluq şanslarının daha çox olduğunu söyləyib:
"Çempionun dəyişəcəyini düşünmürəm. Yəni hazırkı görüntü bunu demir. "Qarabağ"da uzunmüddətli "düşüş" yaranacağına inanmıram. Ancaq futbolda hər şey olur. "Neftçi" vaxtilə 2 xal fərqi ilə çempion olmuşdu. Ümumiyyətlə, "Qarabağ"ın çempionluq şansları digər 11 komanda ilə müqayisədə daha çoxdur".
Qeyd edək ki, "Sabah" – "Qarabağ" oyunu dekabrın 18-də "Bank Respublika Arena"da, saat 19:30-da başlayacaq.