Azərbaycanda 2022-2023-cü illərdə 28 təsərrüfatla 22,6 min hektar, 2023-2024-cü illərdə isə 26 təsərrüfatla 23,8 min hektar ərazidə ərzaqlıq buğda istehsalına dair müqavilələr bağlanıb.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət Şöbəsinin müdiri Firudin Tağıyev Bakı Su Həftəsi ("Baku Water Week") çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında bildirib.
"Prezident İlham Əliyevin imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 19 iyul 2022-ci il tarixli fərman ölkədə ərzaqlıq buğdanın istehsalını stimullaşdırmaqla yanaşı, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsini hədəfləyir. Hazırda Azərbaycanda tətbiq edilən pivot suvarma sistemləri 60 min hektar ərazidə istifadə edilir. Bütün kənd təsərrüfatında idarə edilən suvarma sistemləri isə 120 min hektar ərazidə istifadə olunur", - deyə o qeyd edib.