“Abzas Media” nümunəsi suala aydınlıq gətirir
Əvvəlki yazımızda qeyd etmişdik ki, ABŞ-nin təxribat institutları Azərbaycanda radikal feministlər, “Abzas Media”, “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu” qismində “yığcam və çevik qruplar” formalaşdırıblar. Onlar ayrı-ayrılıqda çalışan muxtar şəbəkələr kimi görünsələr də, sonda eyni mərkəz ətrafında birləşir, ABŞ-dən yönləndirilən “qrant şəbəkəs”nin diqtəsi ilə hərəkət edirlər. Onu da bildirmişdik ki, belə lokal şəbəkələrin sayı çoxdur, bütün sferalarda təmsil olunurlar. Bir-birilərinə dəstək verərək, ictimai rəyə təsir edən güc mərkəzi kimi çıxış edirlər. Yazıda adını çəkdiyimiz təşkilatlar onların sırasından sadəcə nümunə olaraq seçilib istifadə edilirlər.
Noyabrın 21-də baş verən bir olay yazdıqlarımızı təsdiqləyən əlavə arqumentlər yaratdı. Təfsilatı budur ki, “Abzas Media” xəbər saytının direktoru Ülvi Həsənli Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Vəkil Zibeydə Sadıqovanın iştirakı ilə onun ofisində axtarış aparılıb. Mənbəyi bilinməyən 40 min avro məbləğində vəsait götürülərək sənədləşdirilib. Hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı rəsmi açıqlaması gecikdi. Görünür, izahat işi aparıb faktları dəqiqləşdirməyə çalışırlar. Ofisdə axtarışların aparılmasına səbəb olan faktların təsdiqini tapıb-tapmayacağını yoxlayırlar.
Amma “qrant şəbəkəsinin” üzvləri rəsmi açıqlamanı gözləmədən və heç bir dəqiqləşdirmə aparmadan bəyanatlar yaydılar. “Abzas Media”nın guya “müstəqil KİV qurumu” olduğunu, direktor Ü.Həsənlinin də məhz “həqiqəti yazdığına görə həbs edildiyini” bildirdilər. “Sərhədsiz Reportyorlar” Təşkilatı (Paris) və “Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi” (Nyu-York, ABŞ) operativ şəkildə bəyanatlar yayaraq hadisəni “müstəqil mediaya qarşı təzyiq” kimi qiymətləndirdi.
Prosesin gedişində diqqət çəkən, araşdırılması zəruri olan nüanslar üzə çıxdı. Həmin nüansları təhlil etməklə, indiyədək cavabı bilinməyən bir sıra suallara aydınlıq gətirmək mümkündür. Bunları bir-bir nəzərdən keçirək.
Ü.Həsənlinin saxlanılması barədə Azərbaycan KİV-lərində ilk xəbərin dərc edilməsi ilə “Sərhədsiz Reportyorlar”ın bəyanat yayması arasındakı vaxt kəsimi cəmi 31 dəqiqə çəkdi. Elə təəssürat yaranır ki, sanki “Sərhədsiz Reportyorlar” hadisənin baş verəcəyini öncədən bilirmiş, hazır mətn yazıb saxlayırmış. Bu məsələdə daha bir məqam var: “Sərhədsiz Reportyorlar”ın bəyanatının Azərbaycan dilinə tərcümə edilib yayılması da çox operativ şəkildə həll edildi. Buradakı vaxt intervalı 26 dəqiqə oldu. Belə çıxır ki, “Sərhədsiz Reportyorlar” hadisənin baş verəcəyini “öncədən bildiyi kimi”, bəzi KİV-lər də “Sərhədsiz Reportyorlar”ın bəyanat verəcəyindən xəbərdar olublar? Ülvi Həsənlinin saxlanılması barədə ilkin məlumatın açıqlanması, bu məlumatın monitorinq mərkəzlərinin diqqətinə düşməsi, tərcümə edilərək “Sərhədsiz Reportyorlar”a göndərilməsi, bəyanatın hazırlanması və yayılmış bəyanatın Azərbaycan dilinə tərcümə edilərək KİV-lərdə yayılması təəccüblü deyilmi? Bütün bu zəncirvari proses cəmi 1 saat ərzində necə baş verib? Təcrübə göstərir ki, belə proseslər adətən 1 gün, azı bir-neçə saat vaxt aparır. Hətta elə nümunələr var ki, həftələrlə, aylarla, illərlə uzanır. Məsələn, 2020-ci il noyabrın 11-də İrəvanda “Azadlıq Radiosu”nun redaksiyasına basqın olub. Üzərindən 3 il 12 gün keçib, amma hələ də qeyd edilən xəbər “Sərhədsiz Reportyorlar”ın saytında yerləşdirilməyib. Yaxud, TF-1 kanalının əməkdaşı 2020-ci ilin oktyabrında Parisdə erməni icması tərəfindən ölümlə hədələnib. Üzərindən 3 il 2 ay vaxt keçsə də, həmin hadisə barədə xəbər hələ də “Sərhədsiz Reportyorlar”ın lentinə yerləşdirilməyib. “Abzas Media” hadisəsinin 31 dəqiqə ərzində diqqət çəkməsi, tərcümə edilməsi, bəyanata çevrilməsi, həmçinin, bəyanatın 26 dəqiqə ərzində Azərbaycan dilinə çevrilərək KİV-lərdə dərc edilməsi təcrübədə rast gəlinməmiş hadisədir. Hətta fiziki cəhətdən çatdırılması imkansızdır. Belə operativlik fövqəladə diqqət və çeviklik tələb edir. Həmin fövqəladə diqqət haradan formalaşır? Hələ onu demirik ki, bu hadisələrin baş verməsi Bakıda gündüz, Nyu-Yorkda isə gecə saatlarına təsadüf edir. ABŞ-dəki təşkilatlar gecələr yatmayıb Azərbaycanımı izləyirlər? Suallar mürəkkəb görünsə də, cavabı çox sadədir. Proses ona görə belə intensiv şəkildə həll edilib ki, onun bütün mərhələləri bir məkanda, bir redaksiya otağında baş verib.
Ü.Həsənlinin həbsi barədə ilk informasiyanı “Turan” İnformasiya Agentliyi və “Amerikanın səsi” radiosunun Azərbaycan redaksiyası yayıb. Bu iki redaksiyanın əməkdaşları, demək olar ki, müştərək heyətdən ibarətdir. Əlavə olaraq, “Turan” İnformasiya Agentliyinin redaktoru olan Şahin Hacıyev paralel şəkildə “Sərhədsiz Reportyorlar” təşkilatının Azərbaycan üzrə təmsilçisidir. Beləliklə, onun hazırladığı informasiya paralel şəkildə həm “Sərhədsiz Reportyorlar”, həm “Turan” İA, həm də “Amerikanın səsi” vasitəsilə eyni anda yayıla bilir. İllərdir ki, “Sərhədsiz Reportyorlar”la yaşanan gərginlik həm də bu mənbədən qaynaqlanır.
Problem ondadır ki, Ş.Hacıyev uzun illər ərzində “Sərhədsiz Reportyorlar”ın təmsilçisi olsa da, təşkilatın saytında bu barədə qeyd verilməyib. Dəqiq səbəbi yalnız onun özünə bəllidir. Amma ehtimal etmək olar ki, üzləşəcəyi təzyiqlərdən ehtiyatlanır. Kimsə çıxıb soruşa bilər ki, hansı əsasla “Abzas Media”nı peşəkar KİV qurumu adlandırır? Hansı arqumentlə Ülvi Həsənlinin saxlanılmasını müstəqil KİV-ə qarşı təzyiq elementi kimi qiymətləndirir? Bu dırnaqarası “KİV” qurumunun heç rekvizitləri yoxdur. “Media haqqında” qanuna əsasən, hər bir KİV qurumu öz səhifəsində təsisçisi, işçi heyəti, məsul şəxsi və əlaqə vasitələri haqqında məlumat yerləşdirməlidir. “Abzas media”nın saytında isə bu rekvizitlərin heç biri qeyd edilməyib. Hətta “Abzas Media” xəbər saytında Ülvi Həsənlinin baş direktor olması barədə də hər hansı məlumat yoxdur. Saytdakı “Haqqımızda” kateqoriyasında cəmi 2 cümlə var. Orada yazılıb ki, sayt 2016-cı ildə qurulub
Elə bunun nəticəsidir ki, Həsənlinin saxlanılması barədə yayılan informasiyalarda çaşqınlıq üzə çıxır. Bəzi KİV qurumları onu “direktor”, digərləri isə “baş redaktor” kimi təqdim edirlər.
Əgər “Abzas Media” leqal, qanuni fəaliyyət göstərən, peşəkar KİV qurumudursa, öz saytında bu məlumatları təqdim etməlidir. Etmirsə, deməli ya KİV qurumu deyil, ya da qanunları pozaraq qeyri-leqal fəaliyyət göstərir. Bu məqamdan başlayaraq, digər şübhələr də yaranır. “Sərhədsiz Reportyorlar”, “Amerikanın səsi” və digərlər təşkilatlar bu şübhəli məqamları nəzərə almadan, “Abzas Media”nı nə üçün “peşəkar KİV qurumu” adlandırırlar?
Burada da suallar çoxdur, amma cavab sadədir. Şəbəkə işidir, tapşırıq belədir. Bu şəbəkələr, hətta haqsız olsalar belə, bir-birilərini müdafiə etməyə məhkumdurlar. Azərbaycanın əleyhinə olan bütün informasiyaları operativ şəkildə işləyib beynəlxalq aləmin diqqətinə çatdırmalıdırlar. Əgər neqativ fakt olmasa da, uydurmalıdırlar, süni şəkildə hazırlayıb göndərməlidirlər. Necə ki 2000- ci illərin ortalarında Emin Hüseynovun rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu adında təşkilat Azərbaycana qarşı təxribatçı fəaliyyət göstərən İranın “Səhər” kanalının Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən çəkiliş qrupunun həbs olunmuş sürücüsünü həbs edilmiş jurnalistlər siyahısına daxil edərək Beynəlxalq Jurnalistlər Federasiyasının həmin vaxt Azərbaycanda səfərdə olan direktoru Aydan Uayta təqdim etmişdi. Çünki o vaxt RATİ və onun kimi təşkilatların qarşısına belə bir vəzifə qoyulmuşdu ki, Azərbaycanda həbsdə olan jurnalistlərin siyahısında azı 10 şəxsin adı olmalıdır. Bunlar da siyahını şişirtmək üçün fəaliyyət sferasından asılı olmayaraq, kimi gəldi o siyahıya daxil edərək beynəlxalq hüquq-müdafiə təşkilatlarına göndərirdilər. O vaxt ortaya qoyulan siyasət bu gün də davam edir. Bu gün də tapşırıq belədir ki, Azərbaycanın adı beynəlxalq reytinq cədvəllərində daim aşağı mərtəbələrdə göstərilməsi təmin edilməlidir. Bu, bir siyasətdir. ABŞ və onun proksi qüvvələri üçün təsir alətidir. Hədəfdə olan ölkələri bu yolla daim təzyiq altında saxlayırlar.
Bu mexanizmi işlək halda saxlamaq üçün “lokal şəbəkələr”ə külli miqdarda vəsaitlər ayrılır. İnanılmaz görünsə də, faktdır ki, ayrılan vəsaitlərin həcmi milyonlarla dollar ölçülür. Radikal feministlər, “Abzas Media”, “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, “Sərhədsiz Reportyorlar”ın yerli ofisi və buna bənzər digər lokal qruplar xüsusi şəbəkə şəkildə bəslənilib inkişaf etdirilirlər. Bircə nüansa diqqət yetirməklə bu istiqamətə yekun vuraq: “Sərhədsiz Reportyorlar”ın Bakı ofisi kimi “Toplum TV” redaksiyası da dünən bütün proqramlarını Ülvi Həsənli mövzusuna həsr etdi. Ülvi Həsənli mövzusu onlara maddi baxımdan nə qazandırır? Yəqin ki, “maddi baxımdan heç nə” deyəcəklər. Bəs bu redaksiyanın gəlirləri, maliyyəsi haradan formalaşır? 3 mərtəbəli ofis, texniki təminat, əmək haqqı fondu necə yaranır? Təbii ki, qrant hesabına.
OCCRP-nin, USAID-in, “Soros”un sifarişlərini icra etmək onlara “yüksək məbləğli qrantlar” qazandırır. Başqa mənbələrdən - satışdan, reklamdan, elandan gələn gəlir onlar üçün maraqlı deyil.
Maraqlı nüanslardan biri də bu məqamda ortaya çıxır. Azərbaycan 2014-cü ildən etibarən “Qrant haqqında qanunu” sərtləşdirib. Milli maraqlarla uzlaşmayan xarici qrantların ölkəyə gətirilməsini məhdudlaşdırmaq üçün mexanizmlər tətbiq edilib. Bəs ABŞ institutları qanunsuz qrantları ölkəyə necə gətirib realizə edə bilirlər?
Qrant trafikində yeni nüanslar: “Gürcüstan yolu” öz aktuallığını itirir
2014-cü ildən etibarən qeydiyyatsız qrantların Azərbaycana Gürcüstan üzərindən ötürülməsi faktı xüsusi qabardılır. Qeyd edilir ki, təyinatı şübhə doğuran qrantların Azərbaycanda qeydə alınması çətinləşdiyi üçün Azərbaycanda xarici sifarişləri icra edən QHT və KİV-lərə xüsusi imtiyaz verilib. Onlar öz qrantlarını Gürcüstanda qeydiyyata aldırırlar. “Qrant üçün” ayrılmış vəsaiti Gürcüstanda qəbul edirlər. Sonra həmin vəsaiti nağdlaşdıraraq Azərbaycana gətirirlər, siyasi sifarişlər üçün xərcləyirlər. Əslində bu fakt öz təsdiqini tapıb. AXCP fəalı, mərhum Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlı insidenti bu motivdə
Amma indi bəlli olur ki, “Gürcüstan yolu” versiyasının belə çox qabardılması, əslində siyasi motivli qrantlar ayıran “donor təşkilatların” işinə yarayıb. Belə yanaşma onların istifadə etdikləri digər variantları diqqətdən yayındırıb. Son müşahidələr onu göstərir ki, qeydiyyatsız qrantlar təkcə Gürcüstan yolu ilə deyil, fərqli üsullarla da realizə edilir. Bunun üçün çox hiyləgər variantlar hazırlanıb.
Bəzən xarici qrantlar Azərbaycan hökumətinin özü tərəfindən verilən qrantlara qatışdırılaraq icra edilir. Yəni işbaz QHT-lər xaricdən aldıqları qrantları diqqətdən yayındıraraq daxili qrant kimi icra edirlər. Bu halın mövcudluğunu görmək üçün bir qədər diqqət ayırmaq kifayət edir. Məsələn, 2022-ci ildə QHT Agentliyinin maliyyə dəstəyi ilə “Gənc qadınların hüquqları və İctimai iştirakçılıqda maneələr” adlı layihə icra edilib. Xəbərlərdən görürük ki, eyni adlı layihə 2022-ci ildə həm də USAID-in maliyyə dəstəyi ilə icra olunub. Ən maraqlısı budur ki, hər iki donor təşkilatın vəsait ayırdığı eyni layihə, həm də eyni QHT tərəfindən gerçəkləşdirilib.
Əslində qrantların müştərək maliyyələşdirilməsi təcrübəsi dünyada mövcuddur. Amma bu halda icraçı QHT yaydığı məlumatda qeydlər verməli, durumu aydınlaşdırmalıdır. Biz adıçəkilən layihənin icraçısı olan QHT-ni şübhəyə almaq fikrində deyilik. Amma ən azı onun eyni layihəni nə məqsədlə 2 müxtəlif donorun adı ilə icra etməsinin və bu barədə məlumat verməməsinin səbəbləri araşdırılmalıdır.
Təəcüblü məqamlardan biri də budur ki, bu prosesdə daha çox Açıq Hökumətin Təşviqi Platformasının (AAHTP) üzvü olan təşkilatlar görünürlər. Yuxarıda adını çəkdiyimiz “Gənc qadınların hüquqları və İctimai iştirakçılıqda maneələr” adlı layihəni icra edən QHT də AAHTP-nin üzvüdür. Bu platforma Azərbaycanda xaricdən gələn qanunsuz qrantların zərərini azaltmaq üçün formalaşdırılıb. Ona öz missiyasını yerinə yetirmək üçün fürsətlər tanınıb. Bir zamanlar AXCP və Müsavat partiyasının yedəyində olmuş QHT-lərin Platformada təmsilçiliyinə şərait yaradılıb. Azərbaycanda 2014-cü ildə qrant qanunvericiliyinin sərtləşdirilməsindən sonra bütün milli QHT-lərin xarici qrantlara çıxış imkanları məhdudlaşanda, AAHTP üzvü olan təşkilatlara yaşıl işıq yandırılıb. Həmin dövrdə Ədliyyə Nazirliyində qeydə alınmış məhdud sayda xarici qrantların təqribən 80 faizi məhz AAHTP üzvlərinə məxsus olub. Bu layihələrin də əksəriyyəti USAID-dən qaynaqlanıb.
Açıq Hökumətin Təşviqi üzrə Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının adı beynəlxalq trendlərə uyğun seçilib. “Açıq Hökumət”, “Açıq Cəmiyyət” və sair adlar/platformalar beynəlxalq trenddirlər. Xarici layihələri cəlb etmək üçün ən yaxşı platformadırlar. Təqribən 17 milli QHT-nin birləşdiyi bu platformaya keçmiş cəbhəçilərin - Hafiz Həsənovun ( Hüquq və İnkişaf Mərkəzi İctimai Birliyi ), Mirəli Hüseynovun (“Demokratiyanı öyrənmə” İctimai Birliyinin sədri ) və digərlərinin cəlb edilməsi də təsadüfi deyil. Bu şəxslərin AXCP-çi imici imkan verir ki, onlar xarici donorlardan asanlıqla qrant layihələri alsınlar. Həmin qrant layihələrini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi də asandır. Çünki hökumət qeyd etdiyimiz kimi, AAHTP-yə yaşıl işıq yandırıb.
Bu qədər etimaddan sonra paltforma təmsilçisinin adının ikili qrant layihələrində hallanması, USAID-in maxinasiyalarına alət olmuş kimi görünməsi təəccüblü qarşılanmaya bilməz. Görünür, hökumət öz siyasətinə yenidən baxmalıdır.
Praktika göstərir ki, təkcə USAID-dən deyil, Avropa Şurasından, Avropa İttifaqından layihə alan təşkilatlar da bənzər metodlardan istifadə edirlər. Onlar rəsmi elanda layihənin icrasını fərqli adlar altında təqdim etməklə, icrası narazılıq doğuran layihələr barədə narahatçılığı aradan qaldırırlar. Xarici layihələrə nəzarət edən dövlət qurumlarının diqqətini yayındırırlar. Bu yolla, arzu olunmayan mövzular üzrə layihələrini fərqli adlar altında icra edirlər. Hətta rəsmi şəxslərin bu tədbirlərdə iştirakını təmin edə bilirlər. Dəvət olunanlar çox zaman iştirak etdikləri tədbirlərin hansı layihənin tərkib hissəsi olmasını ayıra bilmirlər.
USAID, Aİ, AŞ öz niyyətlərinə uyğun qrant layihələrini reallaşdırmaq üçün digər metodlardan da istifadə edirlər. Məsələn, əvvəllər layihələrinin icrasına cəlb etdikəri QHT-lər və ekspertlərlə rəsmi müqavilələr bağlayır, hesabatlılıq naminə ödənişləri mütləq şəkildə bank hesabı vasitəsilə edirdilərsə, son dövrlərdə bu şərtləri dəyişiblər. İndi nəzarətdən yayındırmaq üçün “yerli QHT və KİV-lərə” ödənİşləri nəğd şəkildə çatdırırlar. Həmçinin, rəsmi qrant müqaviləsi deyil, “xidmət müqaviləsi” bağlayırlar.
Əvvəllər “Soros Fondu”, NED və bu kimi donor təşkilatların istifadə etdikləri maxinasiyalar, bu gün dolayı formada ABŞ səfirliyi, USAID ofisi, AŞ və Aİ-nin Bakı ofisləri tərəfindən təkrarlanır. Məsələ ondadır ki, “Soros Fondu” və NED qismində donorlardan fərqli olaraq, bu qurumlar tərəfindən ayrılan qrantların ölkəyə girişini məhdudlaşdırmaq mümkün deyil. Çünki özəl donor fondlardan fərqli olaraq, səfirlikləri, USAID, AŞ və Aİ-nin ölkələrdəki fəaliyyətləri dövlətlərarası anlaşmalarla tənzimlənir.
Avropa İttifaqının Bakı nümayəndəliyi 2022-ci ildə “Dezinformasiyaya qarşı mübarizədə dayanıqlığın yaradılması” mövzusunda yeni layihənin icrasına başlayıb. Bəlli olub ki, layihənin Azərbaycan üçün nəzərdə tutulan məbləği təqribən 2,5 milyon avrodur. Məbləğin hansı təyinatlara sərf edildiyi, hansı təşkilatlarla partnyorluq şəraitində icra edildiyi indiyədək müəmma olaraq qalır. 2,5 milyon avronun kimə, hara, hansı məqsədlə xərcləndiyi barədə heç bir məlumat verilmir. Kənar mənbələrdən alınan xəbərlər göstərir ki, “dezinformasiyaya qarşı mübarizə layihəsi” “Fakt Yoxla komandası”, yəni Akif Qurbanov şəbəkəsi ilə müştərək icra edilib. “Xidmət müqavilələri”ndən istifadə edərək, vəsaiti qarşı tərəfə ötürüblər.
2022-ci ildə məlumat yayılıb ki, Avropa Şurasının Bakı ofisi Azərbaycanda 2023-2025-ci illəri əhatə edən yeni layihənin icrasına başlayır. “Azərbaycanda Media Peşəkarlığı və İnformasiya Azadlığı” adlandırılan layihə üçün təqribən 4,5 milyon avro həcmində büdcənin nəzərdə tutulduğu görünür. Ötən bir il ərzində həmin layihə çərçivəsində 2 simvolik tədbirin keçirildiyi ictimailəşdirilib. Qalan vəsaitin hara xərcləndiyi, hansı tədbirlər keçirildiyi və kiminlə əməkdaşlıq edildiyi barədə heç bir məlumat yoxdur. Amma AŞ ilə əvvəllər əmkdaşlıq etmiş QHT və KİV-lərin fəaliyyətlərində aktivləşmə özünü büruzə verir... Demək, layihə icra edilir.
Burada daha bir fakta diqqət çəkmək lazım gəlir. AŞ tərəfindən icra olunan “Azərbaycanda Media Peşəkarlığı və İnformasiya Azadlığı” adlandırılan layihənin elementlərindən biri “gender əsaslı zorakılıq”, digər biri isə “media qanunvericiliyinin araşdırılması”dır. AŞ Bakı ofisinin fəaliyyətində “Gender bərabərliyi”, “Məişət zorakılığı”, “İstanbul Konvensiyasının təşviq edilməsi” kimi silsilə layihələr icra edilib. Hətta “Media peşəkarlığı” layihəsinin içində bir qol kimi bu istiqaməti inkişaf etdirirlər. Amma heç bir yerdə bu layihələri hansı QHT-lərlə partnyorluq şəraitində icra etdiklərini açıqlamırlar. AŞ-nin mərkəzi ofisinin hesabatlarından görünür ki, layihənin icrasına Azərbaycanda “gender təyinatlı 8 QHT cəlb edilib”. Söhbət hansı QHT-lərdən gedir? Onların adları niyə açıqlanmır? Əslində mürəkkəb sual deyil. Radikal feministlərin Bakıdakı aksiyasını təşkil edən şəxslərin hər birinin ayrıca QHT-si var. İş onlarla partnyorluq şəraitində icra edilir. Təkcə bu faktın özü “radikal feministlərin bir tərəfi də AŞ-nin Bakı ofisinə bağlanır” deməyə əsas verir.
ABŞ səfirliyinin, USAID ofisinin layihələri də bu formada icra edilir. Kiminlə partnyorluq edildiyi, hansı tədbirlər keçirildiyi barədə məlumat verilmir. Bir layihə başlayanda, bir də layihə bitəndə simvolik elan verməklə iş bitmiş sayılır.
Diqqətli oxucu düşünə bilər ki, yazı əsasən USAID və digər ABŞ fondlarının üzərində qurulub. Amma nümunə olaraq bəzən Avropa Şurasından, Avropa İttifaqından da misallar çəkilir. Burada təəccüblü bir şey yoxdur. ABŞ öz niyyətlərini icra etmək üçün bəzən digər dövlətlər və beynəlxalq təşkilatlardan yararlanır. Məsələn, “Abzas Media” ABŞ təşkilatları tərəfindən yönləndirilsə də, onun maliyyəsi fərqli istiqamətdən-Norveçdən ötürülür. Nə məqsədlə Norveçdən ötürülür və necə ötürülür?
Bu barədə növbəti yazımızda məlumat veriləcək...
"Report"un Analitik Qrupu