Bu gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin növbəti təxribatının qarşısı alındı. Bu dəfə Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.
Artıq son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətindəki təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter alıb. Dəfələrlə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının Azərbaycan Respublikasının ərazisinə sızma cəhdləri müəyyən edilib və hərbi birləşmələrimizin sayıqlığı nəticəsində onların qarşısı alınıb.
Bütün bunlar da Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahların, ağır artilleriya vasitələrinin və şəxsi heyətin cəmləşdirməsi fonunda müşahidə olunur.
Bu gecə təxribatlar daha geniş şəkil alıb - Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub, nəticədə şəxsi heyət arasında itkilərimiz olub, hərbi infrastruktura ziyan dəyib.
Son aylarda istər Ermənistanın müdafiə naziri, istər digər yüksək çinli rəsmiləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində müddətli hərbi xidmət keçən şəxslərin göndərilməməsi ilə bağlı məlumatları demək olar ki, hər çıxışlarında vurğulayırdılar. Həqiqətdə gördüyümüz mənzərə onu deməyə əsas verir ki, bütün deyilənlər gözdən pərdə asmaq üçün imiş, əslində isə Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının mövcudluğu və qanunsuz erməni hərbi birləşmələri ilə birgə fəaliyyəti davam edir.
Bu gecə həmin hərbi birləşmələrin məkrli fəaliyyətinin üstü açıldı. Belə ki, Azərbaycan tərəfindən Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı və çətin humanitar mina təmizləmə fəaliyyəti aparıldığı dövrdə, Ermənistan tərəfindən yenə də Azərbaycan ərazilərində qəsdən mina basdırılması əməllərinin davam etməsi müşahidə olunub.
Ermənistanın siyasi-hərbi rəhbərliyi burada da ikiüzlü davranaraq sözdə sülh müqaviləsi üzərində işlərin aparıldığını deyir, əməldə isə hərbi avantüralarla qəsdən regionda vəziyyəti gərginləşdirmək, sülh müqaviləsi üzrə danışıqların baş tutmasını pozmaq, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat üzrə öhdəliklərini yerinə yetirməmək, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı tikinti-quruculuq layihələrini ləngitmək, Ermənistan əhalisini və beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün ardıcıl fəaliyyət göstərir.
Bütün bunlar bir daha açıq aydın göstərir ki, hazırda yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Vətən müharibəsindən qalib çıxan Azərbaycan Ordusu ötən iki ilə yaxın müddət ərzində də Ermənistan tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə olan təhlükələrin qarşısını almaq üçün zəruri tədbirlər görüb, həyata keçirilmiş ardıcıl təxribatların qarşısını alıb.
Bəs bu təxribatlar nə zaman kimi davam edəcək? Növbəti belə hallar yenidən genişmiqyaslı müharibənin alovlanmasına gətirib çıxara bilməzmi?
Bütün bu ehtimalların üzərindən birdəfəlik xətt çəkilməsi üçün yeganə bir çıxış yolu görünür - Ermənistanın son nəfərə kimi bütün hərbçiləri Azərbaycan ərazisindən çıxarılmalı, Azərbaycan sərhədinin yaxınlığında təhlükəsiz zona, belə desək “bufer zona” yaradılmalıdır.
Bununla da Ermənistan sülhə məcbur edilməlidir, çünki erməni mediasında tez-tez sezilən revanşizmin baş qaldırmasına imkan vermək olmaz. Əks təqdirdə ötən ay ərzində davam edən və bu gecə şiddətli mərhələyə keçən Ermənistanın təxribatları davam edəcək.