Bakı. 26 dekabr. REPORT.AZ/ Başa çatan 2018-ci il dünyanın geosiyasi mənzərəsi baxımından mühüm əhəmiyyət kəsb edən bir çox hadisələrlə əlamətdar oldu.
“Report” dünyadakı başlıca hadisələrin ənənəvi illik xülasəsini təqdim edir.
Azərbaycan, Gürcüstan, Ermənistandakı seçkilər
Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olan
Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçirildi. Birinci turda dövlət başçısını müəyyənləşdirmək mümkün olmadığı seçkilərdə ikinci tura çıxan iqtidardakı “Gürcüstanın xəyalı” Partiyasının dəstəklədiyi müstəqil namizəd, doğulub böyüdüyü Fransada diplomat təhsili alan keçmiş xarici işlər naziri Salome Zurabişvili və Mixeil Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkatın namizədi Qriqol Vaşadze arasında mübarizədə noyabrın 28-də səslərin 59,2 faizini qazanan S.Zurabişvili qalib gəlib.
Ermənistandakı seçkilər daha çox siyasi təbəddülatlarla yadda qalıb. Martin 2-də keçirilən və Armen Sarqsyanın qalib gəldiyi prezident seçkilərindən sonra ölkəni sonradan “məxməri inqilab” adı qoyulan kütləvi etiraz aksiyaları bürüyüb. Müxalifət lideri Nikol Paşinyanın başçlılq etdiyi etirazların əsas hədəfi daha əvvəl nə prezident, nə də baş nazir vəzifəsinə iddialı olmayacağını bildirsə də, baş nazir vəzifəsinə seçilən sabiq dövlət başçısı Serj Sarqsyan oldu. “Məxməri inqilab” nəticəsində S.Sarqsyan hökuməti istefaya getdi, mayın 8-də baş nazir seçilən N.Paşinyan isə Avropa ineqrasiyasına, Avrasiya İqtisadi İttifaqını tərk etməyə tərəfdar olduqlarını bildirməyə başladı. Oktyabrın 16-da N.Paşinyan istefa verərək baş nazir əvəzi kimi hökumət başçısı vəzifəsindəki fəaliyyətini davam etdirdi.
Politoloq Tofiq Abbasov Cənubi Qafqazın hər üç ölkəsində keçirilən seçkilərin çox səciyyəvi mənzərə ortaya qoyduğunu qeyd edib.
“Gürcüstandakı prezident seçkiləri bu ölkənin özünəməxsus model yaratmağa çalışdığına əyani misaldır. Yeri gələndə sınaqlara baş vurur, yeri gələndə köhnə sistemi saxlayır, yeri gələndə də Qərb ənənələrilə yerli adətləri uzlaşdırırlar. Ermənistandakı hadisələr isə seçki saxtakarlıqlarının hələ də geniş tətbiq olunduğunu göstərdi ki, bu da gec-tez seçiciləri bezikdirəcək. Elə növbədənkənar parlament seçkilərinə səs hüququna malik vətəndaşların heç yarısının gəlməməsi buna bariz nümunə sayıla bilər. Ermənistan ictimaiyyəti ən güclü siyasi rəhbərlik formalaşdırma mexanizmi kimi seçkilərə olan etimadını büsbütün itirib, üstəlik hakimiyyətdəki dəyişikliklərin də ölkəyə elə bir fayda gətirmədiyi qənaətinə gəlib. Deməli, ölkədə köklü islahatlar aparılmalı, vəziyyəti düzəldə, Ermənistanın təcridinə son qoyacaq qabiliyyətli, intellektual qüvvələr iş başına gəlməlidir”, – ekspert vurğulayıb.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş Baş katibi Yuri Xaçaturova qarşı cinayət işi başlandığına toxunan politoloq bu qalmaqalın səbəbi kimi Ermənistan hökumətinin öz fikirlərini və xülyalarını KTMT-dəki tərəfdaşlarına da sıramağa çalışmasını göstərib.
"İrəvanın bu xatası Ermənistan başbilənlərinin mühüm məsələlərdə belə konstruktiv mövqe ortaya qoymaq əvəzinə tərəfdaşlarına kələk gəlmək üçün söz oynatmağa başladığına dəlalətdir. KTMT baş katibi məsələsi ətrafında baş verənlər onların bütün nüfuzunu alt-üst etdi. Bunu da anlayanlar başa düşdü", – politoloq əlavə edib.
Xəzərin hüquqi statusuna dair konvensiya imzalanıb
Regionumuz üçün ilin mühüm hadisələrindən biri də beş Xəzər sahili ölkə olan Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Türkmənistan arasında avqustun 12-də Qazaxıstanın Aktau şəhərində keçirilən zirvə görüşü zamanı Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması oldu. Qeyd edək ki, bu sənədi hazırlamaq üçün hələ 1996-cı ildə hər beş Xəzər sahili ölkənin xarici işlər naziri müavinlərindən ibarət xüsusi işçi qrupu yaradılmışdı. Beləliklə. Konvensiyanın hazırlanması üzərində işlər 20 ildən artıq davam etdi.
Bu sənədin imzalanmasını şərh edən xarici işlər naziri
Qeyd edək ki, imzalanan konvensiyaya əsasən Xəzərin əsas hövzəsi göl yox, dəniz statusunda qəbul edilir və müvafiq hüquqi status daşıyır. Xəzər dənizinin suyu və bioloji ehtiyatları beş sahil ölkəsinin birgə istifadəsində olduğu halda dibi və yerin təki beynəlxalq hüquq normalarına uyğun olaraq və həmin dövlətlər arasındakı razılaşmalar əsasında bölünür.
Koreya yarımadasında havalar isinir
Koreya Xalq Demokratik Respublikası ilə Koreya Respublikası arasında silahsızlaşdırılan zolağdakı Panmuncom kəndində, “Sülh evi” adlı binada aprel ayında keçirilən tarixi danışıqlarda birgə bəyanat qəbul edildi. Həmin sənəddən tərəflər yarımadada gərginliyi səngitmək, qarşılıqlı dialoqu davam etdirməyə hazır olduğu aydınlaşır. Bundan sonra sərhəd zolağının cənub tərəfində keçirilən ilk inter-Koreya sammitində iştirak etmək üçün Şimali Koreya lideri son 65 ildə ilk dəfə olaraq Cənuba qədəm basdı. İkinci sammit may ayında, üçüncüsü isə sentyabr ayında Pyonqyanqda keçirildi.
Bundan əvvəl Seuldakı Qış Olimpiya Oyunlarının açılışında iki Koreya nümayəndələrinin bir yerdə yürüş etməsi, qadınlar arsında buz hokkey turnirində isə bütöv Koreya milli komandasının iştirak etməsi 1953-cü ildən bu yana gərginlik mənbəyi olan bu yarımadada müsbət meyllərin üzə çıxmasını göstərdi.
Bundan əlavə, iyunun 12-də Ağ evin təşəbbüsü ilə Sniqapurda ABŞ Prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen In görüşdülər. Pyonqyanq bu tarixi görüşdə Koreya yarımadasının tam nüvəsizləşdiriməsinə hazır olduğunu, Vaşinqton isə cavab olaraq təhlükəsizlik zəmanəti verəcəklərini bəyan etdi.
ABŞ – Rusiya zirvə görüşü
İki nəhəng nüvə dövləti də qarşılıqlı dialoq qurmaq üçün müəyyən addımlar atıblar. Belə ki, iyul ayında Ağ evin təşəbbüsü ilə prezidentlər Donald Tramp və Vladimir Putin arasında keçirilən görüş D.Tramp ölkə başçısı seçiləndən bu yana iki ölkə arasında ilk tam formatlı görüş oldu. Danışıqlarda əsasən tərəflər arasında münasibətlərin yaxşılaşdırılması, Suriyada və Ukraynadakı vəziyyət, beynəlxalq təhlükəsizlik və kütləvi qırğın silahlarının məhdudlaşdırılması müzakirə mövzusu olub. Danıışıqlar barədə fikir bildirən D.Tramp görüşün “yaxşı başlanğıc” olduğunu, yekununda “mühüm nəticələr” əldə etdiklərini desə, V.Putin isə söhbətin “məzmunlu” keçdiyini dilə gətirsə də aradakı münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq hər hansı razılaşma əldə olunmadı.
Avropada “sarı jiletlilər” hərəkatı
İlin sonu Avropanı lərzəyə salan “sarı jiletlilər” hərəkatının sürətlə yayılması ilə yadda qaldı. Noyabrın 17-də Fransada yaranan hərəkat ilkin olaraq neftin qiymətinin artması nəticəsində yanacağın bahalaşmasına qarşı kütləvi etiraz aksiyaları keçirdi, lakin tezliklə Prezident Emanuel Makronun istefası tələbi önə çıxdı.
Etirazlar bütün Fransaya yayılmaqla həmçinin tezliklə Hollandiya və Belçika kimi xarici olkələri də ağuşuna aldı. Bununla yanaşı, Böyük Britaniya və Almaniya, hətta Polşa, Macarıstan, Serbiya, Bolqarıstan, İsrail, Portuqaliya, Tunis kimi ölkələrdə də bir sıra nümayiş təşkil olundu. Daha kəskin hal aldığı Fransada noyabrın 20-də komendant saatı tətbiq olundu, hərəkatın ikinci həftəsindən isə polis bibər qazı ilə su şırnaqları tətbiq etməli oldu, Parisin müxtəlif məhəllələrində barrikadalar qurulmağa başladı. Dekabrın 10-da isə Prezident Makron ölkədə fövqəladə iqtisadi və sosial vəziyyətin tətbiq olunduğunu elan etdi, həmçinin minimum əmək haqları 1,8 faiz, işçi mükafatları və bir sıra imtiyazlar da qaldırıldı. Lakin “sarı jiletlilər” bunların kifayət olmadığını bildirərək etirazların davam edəcəyini bildirdilər.
Politoloq Tofiq Abbasov Fransadakı hadisələri qlobalizm tərəfdarlarının getdikcə “oyun qaydalarından uzaqlaşan” öz adamları Emanuel Makrona qarşı bir növ “cəza tədbiri” kimi dəyərləndirib. Ekspertin fikrincə, hökumətin vergiləri artırmaq niyyətindən narahat olan zəngin təbəqə cavab olaraq kütləni küçələrə çıxartmaq qərarına gəlib.
“Makronun Avropa ordusu yaratmaq təklifi ilə guya Amerikanın kefinə soğan doğraması barədə bütün söz-söhbətlər əsassız şayiədir. Amerika qpobalizm tərəfdarları sırasında öncül mövqeyə sahibdir. Kütləvi nümayişlərdən, küçə hərəkatının sərtliyindən güclü zərbə alan Makron və hökumət artıq zənginlər hesabına büdcəni dolduracaq halında deyillər”, – politoloq vurğulayıb.
O, hazırda vəziyyətin sabitləşməyə üz tutduğunu dilə gətirib: “Mənsəb sahibləri siyasi kapital toplamaq baxımdan asılı olduqları kasıb təbəqəyə üz tutmağa məcburdurlar. Lakin yuxarılarda əyləşərək kasıblardan uzaq duran zənginlərin kiməsə əl tutmaq, kiməsə firavan həyat bəxş etməklə araları yoxdur”. Ekspertin fikrincə, zəngin zümrə cüzi maliyyə itkilərinin bələ qlobal miqyas alacağından çəkinir, məhz buna görə də hər addımı qorxaraq atırlar.
Amerika – Azərbaycan Tərəqqiyə Yardım Fondunun baş eksperti Aleksey Sinitsın isə Fransadakı “sarı jiletlilər” hərəkatını solçu, antiqlobalist, hətta inqilabçı hərəkat hesab edir: “Hərəkatın manifesti xeyli radikal səciyyəli tələblərdən ibarət sosialist proqramdır. Orada “xalq hakimiyyəti naminə Konstitusiyaya dəyişikliklər etmək, xalqın təşəbbüsü ilə referendum keçirmək”, “NATO və Avropa İttifaqı üzvlüyündən çıxmaq” kimi tələblər də var. Jan Luk Melanşonun rəhbəri olduğu radikal solçu “Fəth olunmamış Fransa” hərəkatının mövqeyinin xeyli güclənməsi heç də təsadüfi deyil”.
Makron hökumətinin, həmçinin Avropa İttifaqının “sarı jiletlilər” hərəkatı qarşısında duruş gətirəcəyini dilə gətirən politoloq deyib ki, bununla belə, Avropa siyasi ab-hava baxımdam sola dönəcək, bu meyl artıq hiss olunur və daha da artacaq”.
Almaniya post-Merkel dövrü astanasında?
Angela Merkelin Almaniya kasnleri vəzifəsinə namizədliyini irəli sürməməsi, parlament seçkilərində belə iştirak etməməsi heç şübhəsiz ki, bütün Avropa üçün mühüm hadisədir. Bununla yanaşı, onun indiyədək rəhbəri olduğu Xristian Demokrat İttifaqının yeni sədri seçilən Anneqret Kramp-Karrenbauerə hələ parlament seçkilərinin keçiriləcəyi 2021-ci ilədək kansler səlahiyyətlərinin ötürülməsi məsələsinə dair müzakirələr aparılır.
Ekspert A.Sinitsının fikrincə, Angela Merkel sələfi və xeyirxahı, partiya rəhbərliyindən əslində sıxışdırıb çıxartdığı Helmut Kolun aqibətini yaşamaq istəməz: “Əlbəttə, öz istəyilə kənara çəkilib uşaq kimi qolundan tutaraq partiya pillələrilə aşağıdan yuxarıyadək gətirdiyi Anneqret Kramp-Karrenbauerə lider kürsüsünü təhvil vermək daha sərfəli variantdır”.
Politoloq A.Merkelin miqrasiya siyasəti üzündən xristian demokratların ən köhnə müttəfiqi olan Bavariya Xristian Sosial İttifaqının onlardan üz çevirə biləcəyini qeyd edib: “Sosial-demokratlar da, xüsusilə gənclər qolları XDİ-XSİ ittifaqından çıxacaqlarını bildirir və bu addım üçün də artıq seçicilərin ölkənin ən iri partiyaları arasında fərq görmədiyini əsas gətirirlər. Beləliklə, koalisiya hələ 2020-ci ilədək dağıla bilər. Yeni seçkilərə XDİ Merkelin yox, Kramp-Karrenbauerin rəhbərliyilə gedəcək. Uduzsalar belə, kənarda rahat əyləşən Angela Merkel bütün almanlar üçün dörd kanslerlik müddəti boyu qazandığı mənəfi zirvə olaraq qalacaq”.
"Brexit" ətrafında əhvalatlar
Başa çatan ilin Avropa üçün daha bir əhəmiyyətli hadisəsi Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyünü tərk etməsidir. Məsələ ətrafındakı danışıqlar uzanaraq Olsterlə İrlandiya arasındakı sərhəd rejimi və başqa məsələlər üzündən dalana dirəndi. Son nəticədə razılaşma əldə olunaraq Aİ üzv ölkələri "Brexit" sazişini təsdiqləsə də, Britaniya millət vəkillərinin narazılığa ucbatından Baş nazir Teresa May etimadsızlıq təhlükəsilə üz-üzə qaldı, parlamentdə Brexit səsverməsi isə təxirə salındı. Bununla yanaşı, Avropa İttifaqı “sərt Brexit” variantına, yəni Böyük Britaniyanın sazişsiz çəkilməsinə hazırlığa başladı.
Ekspert A.Sinitsın "Brexit"in hətta Böyük Britaniya üçün əlverişsiz şərtlərlə də olsa baş tutacağı qənaətindədir: “Böyük Britaniiya bu dərdə bir təhər tab gətirər, hətta qısa perspektivdə belə ölkə üçün fəsadlar vaxtilə Britaniya imperiyasının dağılması ilə müqayisədə daha yüngül olacaq. Lakin Teresa May kabinetilə bir yerdə siyasətdən silinəcək”. Politoloqun sözlərinə görə, Böyük Britaniyada "Brexit"lə bağlı bütün məsuliyyətinin məhz T.May və tərəfdarlarının üzərinə düşdüyünü hamı bilir.
Avropa İttifaqının gələcəyinə toxunan ekspert artıq bu təşkilatda əsas “aparıcı qüvvə” olaraq ABŞ üçün sərfəli təkliflər irəli sürən Polşa, Baltika ölkələri kimi “yeni Avropa” ölkələri olduğunu diqqətə çatdırıb.
“Yeni ildə Fransa, Almaniya, İtaliyadan ibarət “köhnə Avropa” ilə ”yeni Avropa” arasındakı ziddiyyətlər getdikcə artacaq. Qərbi avropalılar ABŞ-ın siyasi təsirindən uzaqlaşdıqca Vaşinqtonun yedəyi rolunu sevincək öz üzərinə götürən şərqlilərə qarşı daha çox iqtisadi və başqa təzyiqlər göstərəcəklər. Beləliklə, 2019-cu ildə son illərdəkinə nisbətən ABŞ-dan dana müstəqil siyasət yeridəcək”, – deyən ekspert Avropada artıq Aİ-nin yenidən qurulmasına çağırışların səsləndiyini, Avropa Parlamentinə qarşıdakı seçkilərdə isə populist və anti-Aİ partiyaların üstünlük qazanacağının gözləndiyini xatırladıb.
“Bununla belə, nəticədə Avrropa ölkələrinin höklumətləri Avropa Parlamenti və başqa Aİ təsisatlarının tövsiyyələrinə əvvəlkin kimi diqqət yetirməyəcək. Hərçən məncə, Avropada elə bir sarsıntı gözləməyə dəyməz”, – politoloq əlavə edib.
Skripalların zəhərlədilməsi
Martın 4-də İngiltərənin Sosberi şəhərində sinir iflic edən dərmanla Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və ona baş çəkmək üçün gələn qızı zəhərlənərək dünyasını dəyişiblər. “Porton Daun” məxfi laboratoriyanın mütəxəssisləri onların Rusiya istehsalı “A-234” döyüş zəhərləyici maddə vasitəsilə öldürüldüklərini bildirdilər. Daha sonra Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı tərəfindən xüsusi seçilən laboratoriyaların keçirdiyi ekspertiza nəticəsində bu qənaət təsdiqini tapdı.
Böyük Britaniya hökuməti Rusiyanı bu qətldə iştirak etməkdə, Kimyəvi Silahların Qadağan Olunması Konvensiyanı pozmaqda ittiham etdi. İyul ayında buna oxşar və üyni maddə vasitəsilə həyata keçirilən daha bir zəhərlənmə hadisəsi baş verdi. Polis Skripalları zəhərlətməkdə şübhəli bilinən və saxta pasportlarla ölkəyə gələn Rusiya kəşfiyyat zabitləri olduqları bildirilən iki nəfər Rusiya vətəndaşının adlarını açıqlayaraq şəkillərini dərc etdirdi. Böyük Britaniya təhlükəsizlik naziri Ben Vallace zəhərlənmənin məsuliyyətini şəxsən Rusiya Prezidenti Vladimir Putinin üzərində olduğunu bildirdi. Rusiya tərəfi isə hər iki halda ittihamları rədd etmişdi.
Səudiyyəli müxalif jurnalist Türkiyədə qətlə yetiridi
Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğu binasında həmin ölkənin hakiimiyyətini sərt tənqid etməklə ad çıxarmış jurnalist Camal Kaşıkçı (Xaşogi) amansızlıqla qətlə yetirilməsi, cəsədinin parçalanaraq yox edilməsi xəbəri bütün dünyanı sarsıtdı. Bu hadisə Səudiyyə Ərəbistanının Türkiyə, ABŞ və bir sıra başqa ölkələrlə münasibətlərində gərginliyə səbəb oldu. AKP sədrinin müşaviri Yasin Aktay, polis nümayəndələri, Avropa İttifaqı işləri üzrə dövlət naziri Ömər Çelik bu qətlə Səudiyyə kəşfiyyatının 15 əməkdaşının cəlb olunduğunu bildirdilər. Oktyabrın 25-də Səudiyyə Ərəbistanı prokurorluğu hadisənin məhz sui-qəsd olduğunu etiraf edib. Mərhumun əməkdaşı olduğu “The Washington Post” qəzeti Mərkəzi Kəşfiyyat İdarəsinə istinadən qətlin arxasında vəliəhd şahzadə Məhəmməd bin Salmanın durduğunu bildirdi.
Rusiyanın Yaxın Şərq eksperti İqor Pankratenko səudiyyəli vəliəhdin bu məsələdə ağılla yox, daha çox hisslərin təsirilə hərəkət etməsi ehtimalının yüksək olduğunu bildirib: “Kaşıkçı “kiçik şahzadə” üçün kim olub? Səudiyyə kral sülaləsində Məhəmməd bin Salmanı görən gözü olmayanların etimad etdikləri, ABŞ “dərin dövləti”ndə əlaqələri olan və oraya Səudiyyə Ərəbistanındakı gerçək vəziyyətlə, sülalədə olub-bitənlərlə bağlı məlumatlar ötürən bir şəxs”.
Ekspert mərhum jurnalistin bir çox səbəblərə görə vəliəhd şahzadəyə qarşı gənc müxaliflərin də başçısı ola biləcəyini qeyd edib: “Bunu Kaşıkçı həqiqətən istəyib-istəməməsini deyə bilmərəm, amma hər halda belə xəbər Məhəmməd bin Salmanın masaına gələndə o, ən cüzi şübhəyə belə düşmədi və qəti əmr verdi, yəni insan yoxdursa problem də yoxdur”.
Rusiyalı ekspert nəticədə vəliəhd şahzadənin hələlik sonu görünməyən böyük bir qalmaqalın ortasında müşkül vəziyyətdə qaldığını xatırladıb.
“Səudiyyə Ərəbistanı ABŞ-dan möhkəm bir şapalağa məruz qalıb. Belə ki, Donald Trampın vəliəhdi qara gözləri xatirinə yox, ABŞ iqtisadiyyatına sanballı həcmdə yatırımlar müqabilində qoruduğu göz qabağındadır. Digər tərəfdən Ankara da həm ABŞ ilə danışıqlarda tutarlı arqument, həm də islam dünyasında liderlik uğrunda Səudiyə ilə rəqabətdə bir xeyli irəli düşüb”, – politoloq fikir bildirib.
ABŞ-dan Surexit
İlin sonu daha bir səs-küylü hadisə ilə əlamətdar oldu. ABŞ ordu hissələrini Suriya ərazisindən çıxartdığını bəyan etdi. ABŞ KİV-ə görə, bu qərar Prezident Donald Trampla Türkiyə dövlət başçısı Rəcəb Tayib Ərdoğanla telefon söhbəti zamanı Suriyanın şimal-şərqindəki vəziyyətin müzakirəsindən sonra verilib.
Rusiyalı şərqşünas İ.Pankratenkonun fikrincə, qoşunları çıxarmaq barədə bəyanat verməklə bunu həyata keçirmək arasında fərq böyükdür: “Tramp regiondakı antiterror koalisiyası sıralarında fəaliyyətə davam edəcəklərini çox aydın diqqətə çatdırdı. Belə ki, ABŞ-ın əlində öz mövcudluğunu saxlamağın çoxlu variantlar var. Odur ki, hələlik vəziyyətə aydınlıq gəlməyib, ələlxüsus da söhbət Trampdan gedirsə. Qarşımızda çoxlu qatları olan mürəkkəb oyun gedir ki, hansısa bir mərhələdə verilən qərar növbəti mərhələdə razılıq əldə ediləcəyi demək deyil. Çünki tərəflərin mövqelərinə təsir göstərən yetərincə kənar amillər var”.