İrəvanda Ermənistan və Gürcüstanın dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələləri üzrə komissiyalarının görüşü keçirilib.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyanın və Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliyanın həmsədrliyi ilə keçirilib.
"Tərəflər komissiyaların işinin bərpasını alqışlayıb və Ermənistan və Gürcüstan arasında mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün dövlət sərhədinin delimitasiyası prosesinin vacibliyini vurğulayıblar. Tərəflər prosesin davamlı dialoq vasitəsilə və konstruktiv ruhda başa çatdırılmasında qarşılıqlı maraqlı olduqlarını ifadə ediblər", - məlumatda bildirilib.