Qazaxıstan benzin və neft məhsullarının ölkədən çıxarılmasına qadağanı daha altı ay uzadıb.
"Report" Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə energetika nazirinin 30 oktyabr 2026-cı il tarixli "Qazaxıstan Respublikası ərazisindən neft məhsullarının çıxarılması ilə bağlı bəzi məsələlər haqqında" əmrində bildirilib.
Qadağa altı ay müddətinə – 2026-cı il noyabrın 22-dən 2027-ci il mayın 22-dək tətbiq ediləcək. Bu, o cümlədən Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə çıxarılmasına da aiddir.
Beləliklə, benzinin, dizel yanacağının və bəzi növ neft məhsullarının avtomobil nəqliyyatı ilə ölkədən çıxarılması qadağan edilir.
Daha bir qadağa Qazaxıstandan Aİİ-nin gömrük ərazisindən kənara yüngül distillatların, aviasiya kerosinlərinin və dizel yanacağının və s. çıxarılmasına aiddir. Sənəd noyabrın 16-da qüvvəyə minəcək.