"Azəri-Çıraq-Günəşli" (AÇG) blokunun işlənməsi üzrə operator olan BP şirkəti dərində yerləşən laylardan neft hasilatı üçün quyunu istismara verib.
"Report" "BP-Azerbaijan"a istinadən xəbər verir ki, quyu "Dərinsulu Günəşli" platformasından qazılıb və sərbəst qaz ehtiva edən laylardakı neft ehtiyatlarının işlənməsinə yönəlib.
"İlk sərbəst qaz hasilatı quyusu ilə yanaşı, "Dərinsulu Günəşli" platformasından həmin laylardakı neft ehtiyatlarına yönəlmiş hasilat quyusu da qazılıb. O, plana uyğun olaraq 2026-cı ilin üçüncü rübünün sonunda istismara verilib. Bu quyudan eyni zamanda layların gələcək işlənməsi imkanlarını müəyyən etməyə kömək edəcək əlavə qiymətləndirmə məlumatlarının əldə olunacağı gözlənilir", - məlumatda bildirilib.
Quyunun dərinliyi və debiti qeyd olunmur.
Şirkət, həmçinin 2025-ci ildə qazılmış ilk qaz hasilatı quyusu vasitəsilə Qırmakıaltı Qumlu lay dəstindən sərbəst qaz hasilatını davam etdirdiyini bildirib.
Həmin quyu işlənməkdə olan neft yataqlarından aşağıda yerləşən iki prioritet lay kompleksinə yönəldilib: nisbətən dayazda yerləşən Qırmakıüstü Qumlu və daha dərindəki Qırmakıaltı Qumlu lay dəstələrinə. Qazma nəticəsində birinci lay dəstəsində qaz ehtiyatlarının mövcudluğu təsdiqlənib, ikinci lay dəstəsində isə yüksək təzyiqli qaz aşkar edilib.
"Quyudan hasil edilən qaz və kondensat mövcud AÇG infrastrukturundan istifadə edilməklə Səngəçal terminalına yönləndirilir. İlkin hasilatla yanaşı, quyuda və laylarda sınaq işləri davam etdirilir", - məlumatda qeyd olunub.
AÇG-də sərbəst qazın kommersiya hasilatına 2026-cı ilin birinci yarısında başlanılıb.