Qlobal bazarda neftin faktiki yüksək qiyməti arxayınçılıq və əsassız əlavə xərcləmə gözləntiləri yaratmamalıdır.
"Report" xəbər verir ki, bunu deputat Azər Əmiraslanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan geosiyasi amillərin təsiri altında olan qlobal iqtisadiyyatdakı dəyişiklikləri indi daha həssaslıqla nəzərə almalıdır: "Dövlət büdcəsində 65 dollarlıq orta illik neft qiyməti proqnozu fonunda dünya bazarında neftin faktiki yüksək qiyməti bizdə arxayınçılıq və əsassız əlavə xərcləmə gözləntiləri yaratmamalıdır. 65 dollar hazırkı bazar qiymətinin proqnozu deyil, ehtiyatlı fiskal baza qiymətidir. Azərbaycanın indiyə kimi reallaşdırdığı bütün strateji təşəbbüslər dövlət resursları hesabına həyata keçirilib. Növbəti ildə də konservativ borc siyasətinin reallaşdırılması nəzərdə tutulur. Artıq Azərbaycanda maliyyə təhlükəsizliyi iqtisadi siyasətin əsas vacib prinsipinə çevrilib. Büdcə zərfi isə dövlətin sosial siyasətinin növbəti ildə daha da gücləndiriləcəyindən xəbər verir".