Serbiyanın Niş şəhərinin ətrafında gücü 500 MVt-a qədər olan qaz elektrik stansiyasının tikintisi layihəsi ictimai müzakirəyə təqdim olunub.
Bu barədə "Report" Serbiya mediasına istinadən xəbər verir.
Niş şəhərinin Şəhərsalma planlaşdırması və tikintisi idarəsi bu şəhər ətrafında təbii qazla işləyən elektrik stansiyasının inşasını nəzərdə tutan detallı tənzimləmə planı ilə ilkin ictimai tanışlığın başladığını bildirib. Detallı tənzimləmə planı Lalinats və Kruştse kadastr icmaları daxilində, Cənubi Morava çayının sol sahilindəki ərazini əhatə edir. Söhbət təxminən 68,75 hektar ərazidən və 825 000 kvadratmetr ümumi faydalı sahədən gedir. Materiallarla ictimai tanışlıq noyabrın 10-dək davam edəcək.
Layihə sənədlərindən məlum olduğu kimi, layihələndirilən qurğunun ümumi faydalı enerji gücü, azı 350-500 MVt xalis elektrik gücü və təxminən 150 MVt faydalı istilik gücü daxil olmaqla, təqribən 500-650 MVt təşkil edəcək. İstehsal olunan elektrik enerjisi 400 kV gərginlik səviyyəsində magistral şəbəkəyə veriləcək, istilik enerjisi isə istilik mübadilə məntəqəsi vasitəsilə Niş şəhərinin istilik təchizatı sisteminə yönəldiləcək.
Qış dövründə elektrik stansiyası koqenerasiya rejimində fəaliyyət göstərəcək ki, bu rejimdə elektrik və istilik enerjisinin istehsalı buxar dövrəsinin vəziyyəti və istilik şəbəkəsinin aktual tələbatları vasitəsilə bir-biri ilə əlaqəli olacaq. Yayda obyekt əsasən elektrik enerjisinin generasiyası üçün istifadə ediləcək. Qaz stansiyasının meydançası məhdud girişli ayrılmış funksional zona təşkil edir. Onun ərazisində texnoloji boru kəmərləri, tənzimləyici və qoruyucu armatur, nəzarət-ölçü avadanlığı, drenaj və boşaltma xətləri, qaz sızmasını aşkarlama sistemi, elektrotexnika və idarəetmə sistemləri və s. yerləşdiriləcək. Bundan əlavə, qeyd olunub ki, plan layihəsi çərçivəsində əsas soyutma sistemi üçün sahələr və boru kəmərlərinin çəkilməsi məqsədilə dəhlizlər ayrılacaq.
Layihənin icrası Serbiyanın dövlət enerji şirkətləri olan "Elektroprivreda Srbije" (EPS) və "Srbijagas" ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı əsasında həyata keçirilir. İştirakçılar arasında səhmdar sazişi sentyabrın 30-da imzalanıb. Sənəd birgə müəssisənin təsis edilməsini nəzərdə tutur ki, burada Serbiya tərəfinə ümumilikdə səhmlərin 50 %-i, SOCAR-a isə qalan 50 %-i məxsusdur.
Layihə iştirakçıları tikintini 2030-cu ilə qədər başa çatdırmaq niyyətindədirlər. Bununla belə, investisiyaların həcmi, yekun maliyyələşdirmə modeli və kommersiya şərtləri hazırda hələ ki, müəyyən edilməyib.