Ermənistan hökuməti ölkə mallarının tədarükünə qoyulan məhdudiyyətlər şəraitində alternativ satış bazarlarına çıxmaq üçün ixracatçıların subsidiyalaşdırılmasına təxminən 15 milyard dram (təqribən 40 milyon dollar) ayırıb.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Gevork Papoyan parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2026-cı ildə ixracın dəstəklənməsi üçün daha əvvəl 2 milyard dramdan bir qədər çox vəsaitin ayrılması nəzərdə tutulurdu, lakin tətbiq edilən məhdudiyyətlərə görə subsidiyaların məbləğinin bir neçə dəfə artırılması zərurəti yarandı.
"2026-cı ilin əvvəlində biz bunları nəzərdə tuta bilməzdik və gələn il üçün də nəzərdə tutmaq istəmirik, çünki onları əsassız hesab edir və düşünürük ki, danışıqlar nəticəsində bu məhdudiyyətlər aradan qaldırılacaq", - o qeyd edib. Nazir vurğulayıb ki, İrəvan yaranmış fikir ayrılıqlarını iqtisadi mübahisə kimi qiymətləndirir.
Bununla əlaqədar olaraq Ermənistan tərəfi problemin həlli üçün Avrasiya İqtisadi Komissiyasına müraciət edib.
Qeyd edək ki, Ermənistanın 2026-cı il büdcəsində ixracın inkişafı məqsədilə biznesə dəstək üçün təxminən 2,15 milyard dram məbləğində vəsaitin ayrılması nəzərdə tutulduğu halda, subsidiyaların faktiki həcmi 15 milyard drama çatıb. 2027-ci ilin büdcə layihəsində isə bu məqsədlər üçün nəzərdə tutulan məbləğ 1 milyard dramdır.
Daha əvvəl verilən məlumata görə, Moskvanın ən böyük bazarı olan "Food City"də Ermənistan məhsullarının satışına qadağa qoyulub. Bundan sonra isə daha bir iri ticarət obyekti – "Tvoy dom" da Ermənistan məhsullarından imtina edib.