Vətən müharibəsində qazanılan zəfər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qələbəsidir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Koordinat 44" tamaşasının premyerası çərçivəsində deyib.
Onun sözlərinə görə, 2020-ci il noyabrın 8-də Azərbaycan xalqının çoxəsrlik tarixinin ən şanlı səhifələrindən biri yazılıb:
"Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın sarsılmaz birliyi nəticəsində tarixi ədalət bərpa olunub, ölkənin suverenliyi və milli qüruru təmin edilib.
Diplomat bildirib ki, zəfərə aparan yolun siyasi, ideoloji və mənəvi əsasları hələ 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub:
"Həmin dövrdə dövlətçiliyin möhkəmləndirilməsi, milli birliyin gücləndirilməsi və nizami ordunun formalaşdırılması istiqamətində atılan addımlar gələcək qələbənin əsasını təşkil edib".
F.Quliyev qeyd edib ki, Vətən müharibəsində qazanılmış Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb:
"Ötən altı il ərzində azad edilmiş ərazilərdə həyat yenidən canlanıb, şəhər və kəndlər bərpa olunur, müasir yollar, məktəblər və mədəniyyət ocaqları tikilir. Xüsusilə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı qələbədən sonrakı dövrün ən böyük sevinc və nailiyyətlərindəndir".
Səfir Vətən müharibəsi dövründə Gürcüstanın nümayiş etdirdiyi dostluq və həmrəyliyi də minnətdarlıqla xatırladıb.
F.Quliyev həmçinin vurğulayıb ki, soydaşların bu dəstəyi yalnız maddi yardım deyil, həm də mənəvi bağlılığın və qardaşlıq həmrəyliyinin göstəricisi olub.