Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatlarında monetar qızılın dəyəri 1,365 milyard ABŞ dollarına çatıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Bankı məlumat yayıb.
Bildirilib ki, bu, ölkənin ümumi beynəlxalq ehtiyatlarının 16,6 faizini təşkil edir.
Məlumata görə, qızıl portfelinin artması iyun və oktyabr aylarında ümumi dəyəri 500 milyon ABŞ dolları olan əlavə qızıl alışları ilə əlaqədardır. Milli Bank monetar qızıla investisiyaya ilk dəfə 2024-cü ildə başlayıb. Bu addım beynəlxalq ehtiyatların şaxələndirilməsi və qlobal maliyyə bazarlarındakı dalğalanmalardan qorunması məqsədi daşıyır.
2026-cı ilin oktyabr ayının sonuna Gürcüstanın ümumi beynəlxalq ehtiyatları da tarixi maksimuma - 8,25 milyard ABŞ dollarına çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,2 faiz çoxdur. Ehtiyatların həcmi sentyabr ayı ilə müqayisədə isə 82,6 milyon dollar artıb.
Milli Bankın məlumatına görə, Beynəlxalq Valyuta Fondunun metodologiyası əsasında hesablanan ehtiyat adekvatlığı göstəricisi 130 faiz təşkil edib. Bu, Fondun müəyyən etdiyi 100 faizlik göstəricidən yüksəkdir.
Qeyd olunub ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Gürcüstan Milli Bankının valyuta bazarında xalis alışları 3 milyard 370,7 milyon ABŞ dolları olub. Bank əlverişli bazar şəraitində beynəlxalq ehtiyatları artırmaq, onların səmərəli idarə olunmasını və şaxələndirilməsini uzunmüddətli siyasətinin əsas istiqamətləri kimi müəyyən edib.