Ukraynanın Azərbaycanda yeni səfiri Yuri Qusev azad olunan ərazilərə ilk dəfə səfərindən və Laçında olmaq imkanı qazanmasından razılıq ifadə edib.
"Report"a açıqlamasında səfir Laçını Ukraynanın İrpen şəhəri ilə əlaqələndirmək kimi planların olduğunu deyib:
"Bu gün biz də Ukraynanın müxtəlif bölgələrində bərpa üçün nəhəng layihələr həyata keçiririk və bunu edərkən Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı yaxşı təcrübəsini görürük. Laçında biz yeni binalar, yollar, infrastruktur görə bilirik və bu, çox yaxşıdır və həqiqətən, ruhlandırıcıdır".
Ukraynanın da Azərbaycan kimi mina problemindən əziyyət çəkməsinə münasibət bildirən diplomat bildirib ki, onun ANAMA ilə görüşləri olub:
"Biz də eyni problemlə üzləşirik. Ukrayna hazırda dünyanın ən çox minalarla çirklənmiş ölkəsidir və bizim ərazilərimizin minalardan təmizlənməsi istiqamətində birgə layihələrin həyata keçirilməsi məqsədilə ölkələrimiz arasında əməkdaşlıq üçün çoxlu ideyalarımız var. Biz ərazilərimizin minalardan təmizlənməsində Azərbaycanın bizə kömək etmək üçün dəstəyini yüksək qiymətləndiririk və hər iki ölkə üçün minatəmizləmə üzrə birgə layihələrin və birgə proqramların olması imkanlarını görürük".