"Azərbaycan türk dünyasının mədəniyyət mərkəzi və dövlətidir".
Bunu "Report"a müsahibəsində İraq Kürdüstan Regionu hökumətinin Etnik Azlıqların İşləri üzrə naziri Aydın Maruf Səlim deyib.
Onun sözlərinə görə, Türkiyə Cümhuriyyəti başda olmaqla, bütün türk dövlətləri İraq türkmanlarını heç vaxt tək qoymayıblar.
"Türkmanlar İraqın və İraq Kürdüstan Regionunun Türkiyə və Azərbaycanla əlaqələrində böyük rol oynayır. Çünki biz türk dünyasının bir parçasıyıq. Məhz Türkiyə Cümhuriyyəti isə bizim ana vətənimizdir. İraqdakı türklər olaraq biz həmişə Türkiyənin dəstəyini görmüşük. Azərbaycan da öz növbəsində türkmanlara sahib çıxıb. Bağdadda səfirliyi fəaliyyət göstərən dövlətlərin böyük əksəriyyətinin bu gün Ərbildə konsulluğu var. Ümid edirik ki, ən qısa müddətdə Azərbaycan da Ərbildə Baş Konsulluğunu açacaq. Bu, bizim həm də tələbimizdir, bunu ürəkdən istəyirik. Bağdadda səfirliyin fəaliyyət göstərməsi önəmli hadisədir, daha önəmli hadisə isə Ərbildə konsulluğun açılmasıdır. Həmçinin, Ərbildə Azərbaycan Mədəniyyət Mərkəzi də açılmalıdır. Çünki Azərbaycanın bu bölgədə yaşayan bütün etnik və dini qruplarla yaxşı münasibəti var. Həmişə bunu deyirik ki, Azərbaycan türk dünyasının mədəniyyət mərkəzi və dövlətidir", - deyə nazir vurğulayıb.
Aydın Maruf Səlimin geniş müsahibəsini bu link vasitəsilə oxumaq olar.