Bişkekdə iyulun 25-də 2021-ci ildə Bakıda təsis olunmuş TDT Baş Prokurorlar Şurasının 3-cü iclası keçirilib, Bişkek bəyanatı qəbul edilib.
"Report" xəbər verir ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin baş prokurorlarının, TDT Baş Katibinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş müşavirinin iştirak etdiyi iclasında Qırğız Respublikasının Prezidenti Sadır Japarovun video müraciəti nümayiş olunub
Tədbirdəki çıxışında Azərbaycanın türk birliyinə xüsusi önəm verdiyini qeyd edən Baş prokuror bunun Prezident İlham Əliyevin tarixi "bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır" sözləri ilə təsdiq olunduğunu vurğulayıb.
Kamran Əliyev TDT-yə üzv dövlətlərdə qanunçuluğun və hüquq qaydasının təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığın bütün formalarına qarşı mübarizə sahəsində səylərin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib.
Baş prokuror Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə həmkarlarını məlumatlandırıb.
Həmçinin Kamran Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un, cari ilin 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının Azərbaycanda keçiriləcəyini bildirərək həmkarlarını mötəbər tədbirdə iştiraka dəvət edib.
Yekunda Bişkek bəyanatı qəbul edilərək növbəti iclasın 2025-ci ildə Özbəkistanda keçirilməsi qərara alınıb.