İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) və Azərbaycan Gənclər və İdman Nazirliyinin Şuşa şəhərində birgə keçirdiyi “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının ikinci günü yekunlaşıb.
"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, proqramın ikinci günündə NexGen: Sosial İnnovasiyalar Forumu, Beynəlxalq Liderlik və Diplomatiya Konfransı, Sülh və Harmoniya üçün İslam Gənclərinin panel müzakirəsi keçirilib.
Proqram çərçivəsində keçirilən tədbirlərdə dövlət rəsmiləri, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndə heyətləri, müxtəlif qurumların, təşkilatların rəhbər nümayəndələri və 36 ölkədən 150-dən çox gənc iştirak edib.
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramın ikinci günündə həmçinin iştirakçılar üçün Şuşa turu təşkil olunub. İƏT-ə daxil olan müxtəlif ölkələrdən gəlmiş gənclər Şuşadakı bərpa və tikinti-quruculuq prosesi ilə tanış olublar, Şuşa qalası, Yuxarı Gövhərağa məscidi, Cıdır düzü, Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş heykəllərini ziyarət ediblər.