Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimi keçirilir.
“Report" xəbər ki, yas mərasimi mərhumun qardaşının Yeni Yasamal qəsəbəsində yaşadığı ünvanda təşkil olunub.
Mərasim üçün çadırlar qurulub.
O.Əsgərovun ata evi Gəncədə olsa da, o, II Fəxri Xiyabanda dəfn olunacağı üçün mərasim Bakıda keçirilir.
Hələ ki, O.Əsgərovun nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi ilə bağlı məlumat yoxdur.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.