Ukrayna humanitar yardıma və enerji infrastrukturunun bərpasına dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdardır.
“Report” xəbər verir ki, bunu Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuri Qusev Bakıda keçirdiyi ilk mətbuat konfransında deyib.
“Bu dəstəyi çox yüksək qiymətləndiririk və buna çox ehtiyacımız var. Əməkdaşlığı genişləndirəcəyimizə ümid edirik”, - diplomat bildirib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, zədələnmiş enerji infrastrukturunun bərpası üçün Ukraynaya elektrik avadanlıqları şəklində iki partiya humanitar yardım göndərilib.
Y.Qusev vurğulayıb ki, Azərbaycan Ukraynaya hərbi əməliyyatlarda xəsarət almış uşaqların reabilitasiyasına dəstək verir və təcili yardım maşınları üçün yanacaq tədarük edir:
“Azərbaycan hökumətinin bizə yardım əlini uzatması kimi misallar kifayət qədər çoxdur”.