Səfir: Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını genişləndirmək potensialına malikdir
- 04 noyabr, 2026
- 19:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Əlcəzair strateji cəhətdən mühüm enerji resursları istehsalçıları və tədarükçüləri olaraq, neft-qaz sənayesi, neft-kimya və bərpa olunan energetika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensiala malikdirlər.
"Report" xəbər verir ki, bu barədə Əlcəzairin Azərbaycandakı səfiri Zəkiyə İğil 1 noyabr - İnqilab Gününə həsr olunmuş tədbirdə bildirib.
"Biz bu il neft-qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun ratifikasiya edilməsini alqışlayırıq. Bizim ümumi məqsədimiz qarşılıqlı əlaqələri energetika sektorunun hüdudlarından kənara genişləndirməkdir. Bu il ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması bu istiqamətdə mühüm addım oldu", - səfir bildirib.
Zəkiyə İğil xatırladıb ki, komissiyanın ilk iclasının 2027-ci ilin birinci yarısında Bakıda keçirilməsi planlaşdırılır.
"Əminəm ki, tarixi dostluğa və ölkələrimizin iqtisadiyyatlarının bir-birini tamamlayan potensialına əsaslanaraq, Əlcəzair və Azərbaycan dinamik, şaxələndirilmiş və qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirməyə davam edəcəklər", - o əlavə edib.
Səfir həmçinin qeyd edib ki, siyasi dialoq, parlamentlərarası mübadilələr, mədəni əlaqələrin möhkəmləndirilməsi, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət sayəsində ikitərəfli tərəfdaşlıq yeni təkan alıb.