İyunun 2-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya Baş nazirləri müavinlərinin Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun növbəti iclası keçirilib.
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev “Report”a danışıqların gedişatı barədə müsahibə verib.
- Azərbaycan Respublikasının qərb rayonları ilə ölkənin Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin bərpası üzrə üçtərəfli işçi qrupunun iclası çərçivəsində aparılan danışıqları şərh etməyinizi xahiş edirik.
- Danışıqlar 9/10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın 9-cu bəndi əsasında onun müddəalarının tezliklə həyata keçirilməsi üçün aparılır. Məsələ çox aydındır. Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə birləşdirən mövcud nəqliyyat kommunikasiyalarının bərpası və yenilərinin tikintisi nəzərdə tutulur. Həm sərnişin, həm yük daşınması, həm də nəqliyyat vasitələrinin hərəkatı təmin ediləcək.
- Azərbaycan Respublikasının qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə nəzarəti Rusiya həyata keçirəcək?
- 9/10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanata əsasən, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin təşkilinə nəzarət Rusiya FTX-nin (Federal Təhlükəsizlik Xidməti - red.) sərhəd xidməti tərəfindən həyata keçiriləcək.
- Danışıqlar hansı mərhələdədir?
- Hazırda texniki detalların razılaşdırılması istiqamətində müzakirələr gedir.