Rusiyanın Zaporojyeyə zərbəsi nəticəsində ölənlərin sayı 24-ə çatıb - Yenilənib
- 02 noyabr, 2026
- 22:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Ukraynanın Zaporojye rayonunun Kamışevaxa qəsəbəsindəki təhsil müəssisəsinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (FHX) "Telegram" kanalındakı məlumatında bildirilib.
Qeyd edilib ki, həlak olanlar arasında iki xilasedici və dörd polis də var. Həmçinin xəsarət alan beş nəfərdən ikisi xilasedicidir.
"Bu gün Zaporojye rayonu dəhşətli faciə yaşayıb. Biz iki həmkarımızı - Denis Konovalenko və Aleksey Suşevskini itirdik. Hər ikisinin 44 yaşı var idi, daha iki nəfər isə yaralanıb və hazırda xəstəxanadadır", - paylaşımda FHX-nin rəhbəri Andrey Danikin sözləri yer alıb.
Qurumun məlumatına görə, silsilə zərbələr nəticəsində idman zalı və təsərrüfat tikilisi dağıdılıb, məktəb binası zədələnib, yanğınsöndürmə-xilasetmə avtomobili məhv edilib.
Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə zərbə endirib, nəticədə 18 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin "Telegram" kanalında dərc olunmuş məlumatında bildirilib.
"Bu səhər qəsəbəyə artıq bir neçə aviasiya bombası ilə zərbə endirilib. Zərbələrdən biri insanlara humanitar yardımın paylandığı məktəbə düşüb. İlk zərbədən sonra daha doqquz bomba ilə təkrar hücum edilib və məhz insanların olduğu sığınacağa. Hazırda, təəssüf ki, 18 nəfərin həlak olduğu, beş nəfərin yaralandığı məlumdur", - Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə zərbəni şərh edib.
Onun sözlərinə görə, bombardman yerlərində axtarış-xilasetmə əməliyyatı davam edir. İşlərə hərbçilər, xilasedicilər, xüsusi xidmət qüvvələri cəlb olunub.
Ukrayna lideri vurğulayıb ki, bu cür addımlar Moskvanın münaqişənin deeskalasiyası yolu ilə getmək istəmədiyindən xəbər verir.