Sahibə Qafarova: Dünyada sülhə nail olmağın yeganə yolu çoxtərəfli əməkdaşlıqlardır

Xarici siyasət
  • 19 fevral, 2025
  • 06:27
Sahibə Qafarova: Dünyada sülhə nail olmağın yeganə yolu çoxtərəfli əməkdaşlıqlardır
Sahibə Qafarova

Azərbaycan BMT-nin qətnamələrini təkbaşına yerinə yetirib, öz ərazi bütövlüyünü bərpa edib.

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasının açılış mərasimində deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, dünyanın indi ehtiyacı olan ən əsas məsələ beynəlxalq norma və prinsiplərə tam əməl olunmasıdır:

“Mənfi tendensiyaları geri qaytarmağın, dünyada sülhə, əmin-amanlığa nail olmağın yeganə yolu çoxtərəfli əməkdaşlıqlardır”.

Milli Məclisin sədri qeyd edib ki, qlobal ictimaiyyətin yekdil dəstəyi ilə Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi seçilməsi, tədbir çərçivəsində Azərbaycanın rəhbərliyi ilə mühüm qərarların qəbul edilməsi ölkənin çoxtərəfliliyə sadiqliyinin zirvəsi olub.

S.Qafarova Milli Məclisin müxtəlif parlament təşkilatlarının işində fəal iştirak etdiyini diqqətə çatdırıb. O bildirib ki, bu gün Azərbaycan parlamenti APA ilə yanaşı, daha üç parlamentlərarası təşkilata - İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına, Türk Dövlətlərinin Parlament Assambleyasına və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrlik edir.

O, xüsusilə, qeyd edib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb ki, bu da ölkənin çoxtərəfliliyə daha bir mühüm töhfəsidir.

S.Qafarova vurğulayıb ki, parlamentarizmin əsas məqsədlərindən biri parlamentlərin ölkələrin sərhədləri çərçivəsindən kənara çıxmasıdır:

“Biz hazırda APA-nın büdcəsinin formalaşdırılması haqqında qərarın əldə olunmasına da yaxınıq. Bütün bunlar APA-nın güclənməsinə şərait yaradacaq”.