Baykal gölündə və Anqara çayında təhlükəli toksinlər aşkarlanıb

Region
  • 26 noyabr, 2026
  • 08:49
Baykal gölündə və Anqara çayında təhlükəli toksinlər aşkarlanıb

Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Limnologiya İnstitutunun əməkdaşları Baykal gölündə və Anqara çayında suya insanlar və heyvanlar üçün təhlükəli toksinlər ifraz edən sianobakteriyalar aşkar ediblər.

"Report" xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti məlumat yayıb.

İnstitutun Su Mikrobiologiyası Laboratoriyasının rəhbəri Olqa Belıx bildirib ki, söhbət mikrosistinlər və saksitoksinlərdən gedir. Onun sözlərinə görə, mikrosistinlər insan və ya heyvan orqanizminə daxil olduqda zəhərlənməyə və qaraciyərin zədələnməsinə səbəb ola bilər. Saksitoksinlər isə sinir sisteminə təsir göstərən neyrotoksinlərdir. Onlar sinir hüceyrələri arasında siqnalların ötürülməsini bloklayaraq iflicə, hətta ölümə gətirib çıxara bilər.

Alim qeyd edib ki, əvvəllər Baykalın dünyanın ən təmiz göllərindən biri hesab olunması səbəbindən bu problem aktual sayılmayıb. Sianobakteriyaların kütləvi çoxalması isə ənənəvi olaraq çirklənmiş su hövzələri ilə əlaqələndirilib. Lakin tədqiqatlar zamanı alimlər ilk dəfə suyun dərin qatlarında təhlükəli toksinlər istehsal edən mikroorqanizmlərin genetik izlərini müəyyən ediblər. Sonradan həmin maddələr su və dib çöküntülərində də aşkarlanıb.

Belıxın sözlərinə görə, Baykal gölünün böyük hissəsi hələ də təmizdir. Bununla belə, insanların istirahət etdiyi sahilyanı ərazilərdə toksinlərin konsentrasiyası yol verilən normanı bir neçə dəfə üstələyə bilər.

Mütəxəssis təhlükəli mikroorqanizmlərin əsasən turist axınının çox olduğu ərazilərdə – Kiçik Dəniz boğazında, Çivırkuy və Barquzin körfəzlərində, Posolski sor körfəzində, Provall körfəzində və digər ərazilərdə yayıldığını bildirib.

O, suyun çiçəklənməsinin səbəblərindən birinin yaşayış məntəqələri və turizm bazalarından kifayət qədər təmizlənməmiş kanalizasiya sularının axıdılması ola biləcəyini vurğulayıb. Suyun temperaturunun yüksəlməsi, dayazlıq, küləksiz hava və suyun durğunluğu da risk amilləri sırasındadır.