Qazaxıstanda dövlət orqanlarına məxsus 800-dən çox saxta xidməti vəsiqə götürülüb
- 26 noyabr, 2026
- 08:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstanın Atırau vilayətində polis dövlət orqanlarının saxta xidməti vəsiqələrinin hazırlanması və satışını həyata keçirən kanal ifşa edilib.
"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Polis saxta sənədlərin hazırlanmasında şübhəli bilinən şəxsin izinə noyabrın 23-də naməluma avtomobili saxladıqdan sonra düşüb. Avtomobildə dörd kişi olub. Yoxlama zamanı tapançaya bənzəyən əşya və Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin əməkdaşına məxsus saxta vəsiqə aşkarlanıb.
Sonrakı əməliyyat tədbirləri nəticəsində Atırau vilayətinin 39 yaşlı sakini şübhəli şəxs qismində müəyyən edilib. Onun yaşadığı ünvanda aparılan axtarış zamanı 803 saxta xidməti vəsiqə götürülüb. Onlardan 606-sı Milli Təhlükəsizlik Komitəsinə, 95-i Daxili İşlər Nazirliyinə, 47-si Dövlət Gəlirləri Orqanlarına, 46-sı prokurorluğa, 9-u isə antikorrupsiya xidmətinə aid olub.
Bundan əlavə, 367 Milli Təhlükəsizlik Komitəsi emblemi, möhür, kompüter avadanlıqları, printer, sərt disk və sənədlərin hazırlanmasında istifadə edildiyi ehtimal olunan digər əşyalar aşkarlanıb.
İlkin məlumata görə, şübhəli şəxs saxta vəsiqələri satıb. Saxlanılan avtomobildəki kişilərdən biri ondan belə sənədlər alıb.
Polis saxta vəsiqələrin hazırlanması işi ilə bağlı mümkün digər şübhəliləri və alıcıları müəyyənləşdirir, əməliyyat-istintaq tədbirləri davam etdirilir.