“Mən Azərbaycan tarixini bilirəm. Xocalıda törədilən dəhşətli faciə barədə məlumatım var. Azərbaycan tarixinin unudulması təbii ki, mümkün deyil”.
Bunu “Report”un Şərqi Avropa bürosuna Ukraynanın Poltava vilayətinin qubernatoru Oleq Sinequbov müsahibəsində deyib.
“Bu cür hadisələr haqqında uşaqlarımıza danışmalıyıq ki, unudulmasın və bir daha belə faciə təkrarlanmasın. Bu, bir daha baş verə bilməz. Bütün bu milli-vətənpərvərliyin aşılanması məktəblərdən ali təhsil müəssisələrinə qədər davam etməli və dövlət proqramlarına daxil edilməlidir. Biz qətiliklə bunun tərəfdarıyıq. Bu, bizim yolumuzdur. Ukrayna xalqı olaraq etnik azərbaycanlıları dəstəkləməliyik. Burada çox sayda azərbaycanlı yaşayır və onlar özlərini Ukraynanın vətənpərvərləri hesab edirlər, o cümlədən bizi dəstəkləyirlər”, – O.Sinequbov bildirib.
Qubernator xatırladıb ki, Azərbaycan Ukraynaya, onun suverenliyinə və ərazi bütövlüyünə beynəlxalq səviyyədə dəstəyini rəsmən bəyan edən ilk dövlətlərdən biri olub.