İlham Əliyev: İkili standartlar beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır
- 27 oktyabr, 2026
- 10:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan dünya siyasətində ikili standartlara qarşı mübarizəni davam etdirəcək, çünki bu cür yanaşmalar beynəlxalq münasibətlərdən tam şəkildə çıxarılmalıdır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı müasir dünyada sanksiyaların geniş şəkildə tətbiq edilməsinə və Azərbaycan ərazisinin təxminən 20 %-ni işğal etmiş və etnik təmizləmə siyasəti aparmış Ermənistana qarşı bu cür tədbirlərin görülməməsinə diqqət çəkib.
"Bu gün biz hər yerdə sanksiyaları görürük. Əgər Azərbaycandan şimala və cənuba baxsaq, yüzlərlə sanksiyanın tətbiq olunduğunu görmək olar. Amma Ermənistan sanksiyaya məruz qalmadı. Bu da ikili standartlar məsələsidir", - Prezident bildirib.
İlham Əliyevin sözlərinə görə, ikili standartlarla mübarizə Azərbaycanın xarici siyasətinin mühüm elementlərindən biridir, çünki ölkə bu standartlarla əvvəllər də üzləşib və bu gün də üzləşməkdədir.
"İkili standartlar siyasəti beynəlxalq siyasətdən tamamilə çıxarılmalıdır. Cəmiyyətimiz ikili standartlara sıfır tolerantlıq göstərir", - o vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, ikili standartlar bəzi ölkələrin digər dövlətlərə necə yaşamalı olduqlarını öyrətmək cəhdlərində də özünü büruzə verir.
"Bunu etməzdən əvvəl siz güzgüyə baxmalısınız, özünüzdən soruşmalısınız ki, kiməsə mühazirə vermək hüququnuz varmı? Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək dərsləri verilməli deyil" - Prezident bildirib.
O vurğulayıb ki, Azərbaycan digər dövlətlərin daxili işlərinə qarışmır və özünə qarşı da analoji münasibət gözləyir.
"Biz heç vaxt belə etmirik. Biz diqqətimizi daha çox öz ev tapşırığımıza yönəltməliyik. Digər ölkələrdə baş verənlər o insanların, o xalqların öz işidir, bu, bizim işimiz deyil. Buna görə də özümüzə qarşı eyni münasibəti gözləyirik və buna nail oluruq", - İlham Əliyev bildirib.