Peru Konqresi Xocalı Soyqırımının ildönümü ilə bağlı bəyanat qəbul edərək ölkəmizdə mövcud mina probleminə dəstək çağırışı edib.
Bu barədə "Report"a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Xocalı soyqırımı faciəsi qurbanlarının 32-ci ildönümü ilə əlaqədar olaraq Peru Konqresi tərəfindən bəyanat qəbul edilib.
Bəyanatda 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş soyqırımı aktından 32 il ötdüyü diqqətə çatdırılaraq, misli görünməmiş hadisələr nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfərin həlak olduğu, 1275 nəfərin girov götürüldüyü və 150 nəfərin taleyi naməlum qaldığı bildirilib.
Sənəddə baş vermiş soyqırımı aktının çoxsaylı beynəlxalq insan hüquqları təşkilatları tərəfindən tam şəkildə sənədləşdirildiyi və Human Rights Watch tərəfindən isə “münaqişə zamanı törədilmiş ən qanlı qətliam” olaraq qeydə alındığı vurğulanıb.
Bundan başqa, bəyanatda 2013-cü ildə Peru Koqresi tərəfindən Xocalı soyqırımı qurbanlarına ədalət tələb edən sənədə istinad öz əksini tapıb.
Həmçinin, sənəddə bu gün bütün dünya azərbaycanlılarının Xocalı şəhərində qətlə yetirilmiş günahsız insanların xatirəsini ehtiramla yad etdiyi bildirilərək, onların əziz xatirəsinə, baş vermis faciənin 32-ci ildönümünün anılması ilə əlaqədar olaraq Azərbaycan hökumətinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı diləkləri ifadə olunub.
Yüz minlərlə məcburi köçkünün öz evlərinə ləyaqətli və təhlükəsiz formada qayıtmasını təmin etmək üçün Azərbaycanın sülh axtarışında, işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və orada aparılan minasızlaşdırma prosesində göstərdiyi səylərə dəstək ifadə olunub.
Sənəddə xüsusilə, Azərbaycan kimi mina problemi ilə üzləşən ölkələrə bu ciddi təhlükəni aradan qaldırmaq və günahsız insanların həyatını qorumaq məqsədilə dəstək göstərilməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib.
Xatırladaq ki, Peru Konqresi ötən il də Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat qəbul edib.