Bu gün dekolonizasiya bəşəriyyətin əsas problemlərindən biri olaraq qalır və beynəlxalq ictimaiyyət birgə səylərlə bu problemin həll yolunu tapmalıdır.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov Bakıda keçirilən "Afrikada Fransanın neokolonializm siyasəti" adlı konfransda deyib.
“Müasir dekolonizasiya diskursunun XX əsrin əvvəllərində formalaşmasına və 80 keçmiş müstəmləkənin müstəqillik əldə etməsinə baxmayaraq, hələ də dünyanın 17 ərazisində yaşayan xalqlar üçün bu proses məntiqi-hüquqi sonluğa çatmayıb”, – o bildirib.
N.Səfərov qeyd edib ki, 1945-ci ildə müstəmləkə əsarətində olan əhalinin sayı 750 milyon nəfər idisə, hazırda bu rəqəm 2 milyon nəfərə çatıb.
"Lakin beynəlxalq birlik səylərini bu rəqəmi sıfıra endirməyə yönəltməlidir", – deputat vurğulayıb.
N.Səfərov əlavə edib ki, bəzi ölkələr, xüsusən də Fransa müstəmləkəçilik siyasətini davam etdirir:
“Öz həllini tapmayan mühüm məsələlərdən biri də Afrika ölkələrinə təzminatın ödənilməsidir. Digər məsələ isə Avropanın müstəmləkəçi dövlətlərinin, o cümlədən Fransanın hələ də özlərində saxladığı müstəmləkə xalqlarının mədəni irsinin qaytarılması ilə bağlıdır”.