Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti oktyabrın 20-də Moldova Respublikasında keçiriləcək konstitusion referendum və prezident seçkilərini müşahidə etmək məqsədilə Kişineuya səfərə yola düşüb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən "Report"a bildiriblər ki, Moldova Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə ünvanladığı dəvətə əsasən Moldovada sözügedən referendum və seçkilərin müşahidəsində Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov və Katibliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşid Yusifbəyli iştirak edirlər.
Səfər çərçivəsində Mərkəzi Seçki Komissiyası nümayəndələrinin Moldova Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karaman və digər rəsmi şəxslərlə görüşlər keçirməsi, qurumlararası əlaqələrin və seçkilərlə bağlı müxtəlif sahələrdə təcrübə mübadiləsinin genişləndirilməsi imkanları istiqamətində müzakirələr aparılması da nəzərdə tutulur.
Nümayəndə heyəti konstitusion referendum və prezident seçkilərinə ümumi hazırlıq prosesləri ilə tanış olmaqla yanaşı, seçki günü paytaxtdakı məntəqələrdə səsvermə prosedurlarını da izləyəcəklər.