Prezident İlham Əliyev Macarıstanın yeni seçilmiş Prezidenti Katalin Novaka təbrik məktubu ünvanlayıb.
"Report" xəbər verir ki, mətndə deyilir:
"Hörmətli xanım Novak,
Macarıstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Macarıstan arasındakı münasibətlərin dinamik inkişafı məmnunluq doğurur. Siyasi, iqtisadi və mədəni sahələrdə daim genişlənən əlaqələrimiz çoxtərəfli qaydada fəal əməkdaşlığımız ilə müşayiət olunur.
İnanıram ki, bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcək ölkələrimiz arasında ənənəvi dostluğun daha da möhkəmləndirilməsi, strateji tərəfdaşlığın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm".